Dünya bazarlarında qara qızılın qiyməti artıb. Hətta ötən gün “Brent” markalı neftin bir barreli 66 dollara yaxınlaşıb. Hazırda bu markadan olan yanacaq təxminən 65 dollar, “Layt” 57 dollardır.
Azərbaycan nefti isə son olaraq 65,33 dollara satılıb. Artıq bir həftədir birjalarda bu pozitiv tendensiya hökm sürür.
Mütəxəssislərin fikrincə, bunun səbəbi daha çox geosiyasi amillərlə bağlıdır. İlk növbədə Yəməndəki gərginlik qara qızılı bahalaşdırır.
Amma proqnozlar heç də pozitiv deyil. Hesab olunur ki, İranın neft bazarına qayıtması ehtimalı, üstəlik İraqda hasilatın artmağa doğru getməsi qiymətləri endirəcək.
Ekspert İlham Şaban bildirdi ki, bu ilin birinci rübdə neftin orta qiyməti 55 dollar olub: “İkinci, yəni aprel ayında orta qiyməti təqribən 60-61 dollar arasında dəyişir. Burada əsasən orta qiymətdən bəhs edilir. Güman ki, ilin ikinci yarısında bu qiymət 60 dollarda da aşağı həddə düşə bilər. Yuvarlaq olaraq cari iI üçün neftin qiymətini 60 dollar həddində olacağına güman etmək olar”.
anspress.com