Neft nəhənglərinin gəlirləri 716.5 milyard dollar azaldı | Banco.az

Neft nəhənglərinin gəlirləri 716.5 milyard dollar azaldı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində bu vaxta qədər misli görülməmiş dalğalanmanın müşahidə edildiyi ötən il sektorda fəaliyyət göstərən şirkətlər maliyyə baxımından olduqca çətin günlər keçirdilər.

Dünyanın ən böyük neft ixracatçısı Çində peyda olan Covid-19 epidemiyasının qlobal miqyasda yayılmasından sonra pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin iqtisadi aktivliyi zəiflətməsi dünyada neft istehlakını əsaslı dərəcədə azaltdı.

Bu vəziyyət Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi ölkələrdən təşkil edilən OPEC+ qrupunun neft qiymətlərini tarazlaşdırmaq üçün tədarük həcmini azaltmasını zəruri etdi. Ancaq ötən ilin mart ayında Səudiyyə Ərəbistanı və Rusiya hasilatın azaldılması üzrə anlaşmazlıq yaşadığı üçün OPEC+ ölkələri prosesi dayandırdı və 2020-ci ilin aprel ayından etibarən neft hasilatını artırdı. Bununla da bazarda qəfil tədarük artıqlığı yarandı və neftin qiyməti kəskin ucuzlaşdı. 

Tədarük problemi qiymətlərin daha da uzulaşmasına gətirib çıxardı ki, ötən ilin aprel ayında neftin qiyməti axırıncı 21 ilin ən aşağı səviyyəsinə qədər gerilədi. Belə ki, 2020-ci ilin əvvəlində 66.58 dollara satılan Brent markalı neftin bir bareli 21 aprel 2020 tarixində 17.51 dollarla ən aşağı göstəriciyə imza atdı.

Neft qiymətlərinin kəskin ucuzlaşması öz növbəsində sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərinə də mənfi təsir göstərdi. ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger, Baker Hughes, Total, Royal Dutch Shell, BP, Eni, Equinor, Lukoil, Rosneft və Saudi Aramco kimi neft nəhənglərinin gəlirləri pandemiyanın təsirindən 2020-ci ildə əvvəlki ilə nəzərən 716.5 milyard dollar (35%) azalaraq 1.3 trilyon dollara gerilədi. Sözügedən şirkətlər 2019-cu ildə 2.02 trilyon dollar gəlir əldə etmişdi. 

Shell ən çox gəlir itkisi yaşayan şirkət oldu

Baş qərargahı Hollandiyada yerləşən İngiltərə-Hollandiya müştərək neft və təbii qaz istehsalı ilə məşğul olan Royal Dutch Shell şirkəti sözügedən dövrdə gəlirləri ən çox azalan şirkət kimi qeydə alındı. Şirkətin gəliri 168.9 milyard dollar azalmaqla təqribən 183.2 milyard dollara gerilədi.

Neft nəhəngləri arasında ən çox zərərə uğrayan şirkət isə 22.4 milyard dollarlıq göstərici ilə Amerikanın transmilli neft və təbii qaz istehsalçısı ExxonMobil şirkəti oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram