ABŞ neft hasilatçılarının 2017-2018-ci illər üçün neft fyuçerslərinə qısa mövqeləri maksimal həddə çatıb. OPEC-in noyabrın 30-da Vyanada baş tutan sammitində hasilatın azaldılması ilə bağlı qərarına müsbət reaksiya verən neft qiymətləri hazırda 55 dollar/barelə yüksəlib. Bundan istifadə edən ABŞ neft hasilatçıları gələcək neft satışını yüksək qiymətlə sabitləşdirməyə çalışıb və son 10 ilin maksimal həcmində fyuçers kontraktları satıb.
Yüksək qiymətlə gələcək iki ildə neft satışını sabitləşdirən ABŞ neft hasilatçıları bununla da fəaliyyəti dayandırılan neft buruqlarını işə salmağa başlayıb. Belə ki, bu ilin may ayının 25-də son dövrlərin minimal həddi sayılan 316-a enən neft buruqlarının sayı hazırda 51% artaraq 477 ədəd təşkil edib. Neft qiymətlərinin artması ABŞ neft hasilatçılarını maliyyə vəziyyətlərini düzəltməyə və yeni konyunkturaya uyğunlaşmağa imkan yaradacaq.
"Report"un analitik qrupu hesab edir ki, nəticədə, OPEC hasilatı azaldacaq, ABŞ isə artıracaq. OPEC sammitində əldə olunan razılaşmanın isə 6 ay davam edəcəyi bildirilir. Bu müddət ərzində ABŞ-da neft hasilatı artacaq. Əgər bundan sonra OPEC yeni razılaşma əldə etməsə, neft bazarında yenidən təklifin tələbi üstələməsi müşahidə oluna bilər.
Mənbə: Report.az