Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm indeksləri strategiyası üzrə əldə etdiyi gəlir 2025-ci ilin sonuna 9,4 milyard ABŞ dollarına çatıb.
Bu barədə Fonddan bildirilib. 2024-cü il üzrə bu rəqəm 6,3 mlrd. dollar təşkil edib. Yəni, təkcə 2025-ci ildə isə ARDNF-in səhm protfelinin gəlirləri 49% artıb və 3,1 mlrd. dollara yüksəlib. Fondun səhm portfelinin yarandığı tarixdən ümumi gəlirliliyi isə 330%-ə yüksəlib.
Ümumilikdə Fondun səhm portfelinin cari dəyəri 2024-cü ildəki 13,4 mlrd. dollardan ötən il 16,5 mlrd. dollara yüksəlib.
Fond qeyd edib ki, səhm investisiyaları əsasən “MSCI World” indeksi üzrə həyata keçirilir. 2025-ci ilin sonuna bu indeks 23 inkişaf etmiş ölkə üzrə 1320 şirkətin səhmlərini əhatə edir. Sözügedən şirkətlərin ümumi bazar kapitalizasiyası bir ildə 77 trilyon dollardan 91 trilyon dollara kimi artıb.
Fondun səhmlərinə yatırım etdiyi şirkətlərin 72%-i ABŞ-a, 5,5%-i Yaponiyaya, 3,6%-i Böyük Britaniya, 3,4%-i Kanadaya aiddir. Digər ölkələr üzrə bu rəqəm 3%-dən azdır. Sözügedən şirkətlərin 27%-i informasiya texnologiyaları, 17%-i maliyyə, 11%-i sənaye, 10%-i qeyri-zəruri istehlak malları və digər 9-10%- isə səhiyyə sektoruna aiddir.
Qeyd edək ki, ARDNF Birja ticarəti fondları (ETF - Exchange Traded Funds) və ya müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan şirkətlərin səhmlərini birbaşa alır və daha konservativ, diversifikasiyanı təmin edən passiv idarəetmə strategiyası həyata keçirir.
Apa
