Neft Fondu bu layihəyə yarım milyard manat ayıracaq | Banco.az

Neft Fondu bu layihəyə yarım milyard manat ayıracaq

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi layihəsi çərçivəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 496,155 mln. manat məbləğində vəsait yönəldəcək. Bu barədə fonddan məlumat verilib.

“Gələn il üçün ARDNF-nin büdcəsində “CQD” layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 496,155 mln. manatın ayrılması nəzərdə tutulur”, - deyə fonddan qeyd ediblər.

2016-cı ilin yanvar-sentyabr aylarında ARDNF bu layihədə Azərbaycanın payının maliyyələşdirilməsinə 974,7 mln. manat vəsait yönəldib.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $45-47 mlrd. təşkil edir. Bunun təxminən $14 mlrd.-ı Azərbaycanın payıdır.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

Mənbə: İnterfaks-Azərbaycan