Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ və İran arasında Hörmüz boğazında və digər ərazilərdə gəmilərə qarşı qarşılıqlı hücumların artması Yaxın Şərqdən neft tədarükünün uzunmüddətli şəkildə pozula biləcəyi ilə bağlı narahatlıqları gücləndirib. Bu fonda neft qiymətləri həftənin ilk ticarət günündə yüksəlməkdə davam edib.
Banco.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti 0,54% artaraq 96,80 dollar/barelə yüksəlib. ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 0,72% bahalaşaraq 92,14 dollar/barel təşkil edib.
Neft qiymətlərində artım ötən həftə də sürətlənib. Belə ki, Brent markalı neft həftə ərzində 7,8%, WTI isə təxminən 10% bahalaşıb. Artım ABŞ və İran arasında yeni hücumların baş verməsi, həmçinin daha əvvəl dünya üzrə neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından neft axınının azalması ilə əlaqələndirilir.
ABŞ Mərkəzi Komandanlığı şənbə günü ABŞ qüvvələrinin üç İran neft tankerinə zərbə endirdiyini açıqlayıb. Tankerlərdən birinin İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adası sahillərində hədəfə alındığı bildirilib.
Bazar iştirakçıları əsas diqqəti Hörmüz boğazında vəziyyətin necə inkişaf edəcəyinə yönəldib. Gərginliyin uzun müddət davam etməsi neft tədarükünün daha da azalacağı ilə bağlı narahatlıqları artıraraq qiymətlərə əlavə təzyiq göstərə bilər.
