Nazirlik: Elektron ticarətdən daxilolma 69%-dən çox artıb | Banco.az

Nazirlik: Elektron ticarətdən daxilolma 69%-dən çox artıb

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi tərəfindən bu ilin I rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alğı-satqısı həyata keçirildiyi müəyyən edilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, bu barədə nazirliyin  Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov məlumat verib. Ə.Məmmədov qeyd edib ki, onlardan 54-ü vergi orqanında qeydiyyatda olmayıb, 47-sinin isə qeydiyyatda olduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib: “Bununla bağlı vergi orqanında qeydiyyatı olmayan şəxslərin uçota alınması barədə müvafiq bildirişlər göndərilib. Qeydiyyatı olan, lakin dövriyyəsi olmayan şəxslərin bank hesablarına müvafiq sorğular verilib və yaranmış kənarlaşmalar barədə vergi ödəyicilərinə məktub ünvanlanıb”.

Ə.Məmmədov qeyd edib ki, bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin I rübü ilə müqayisədə II rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır”, - deyə Baş İdarə rəisi vurğulayıb.

Rəsmi statistikaya görə, Azərbaycanda elektron ticarətin həcminin böyük olmadığını deyən nazirlik rəsmisi bildirib ki, əslində bu rəqəmin milyonlarla manat olduğunu güman etmək olar: “Məhz bu səbəbdən, ilkin olaraq elektron ticarətin dövlət uçotunun təşkil olunması zəruridir. Elektron ticarət sahəsində uçotun təşkili, şəffaflığın artırılması və vergitutma bazasının genişləndirilməsi istiqamətində lazımi addımlar atılmaqla e-ticarətin vergiyə cəlb edilməsi asanlaşacaq ki, bu da vergitutma bazasının genişləndirilməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının həcminin artmasına səbəb olacaq”.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et