Nazir müavini: "Azərbaycanda statistik məlumatların açıqlığı 100%-dir" | Banco.az

Nazir müavini: "Azərbaycanda statistik məlumatların açıqlığı 100%-dir"

Azərbaycanda statistik sahə üzrə məlumatların açıqlığı 100% təmin olunub. Ölkə "Açıq verilənlər barometri"nə görə 2015-ci ildə 20 pillə irəliləyərək, 78-ci mövqedə qərarlaşıb.

Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən "Açıq hökumət məlumatları" adlı konfransda çıxışı zamanı bildirib. 

E.Vəlizadənin sözlərinə görə, məlumatların tamlığı, ilkin mənbəsi, onların aktuallığı, müraciət imkanı, habelə maşınlar tərəfindən oxunması, sərbəst əldə edilməsi, qeyri-müstəsnalığı və sərbəst lisenziya imkanı açıq hökumət məlumatlarının əsas prinsiplərini təşkil edir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaratdığı www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusunu və əlavə vasitələrə girişi əldə etmək üçün informasiyaları özündə əks etdirir. 

Hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəyə verilib. Açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, "Azərsu" ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Lakin digər dövlət qurumlarının məlumatları hələ də bu portalda yerləşdirilməyib.

Mənbə: Report.az