Müəllif: Tamara Mustafayeva, Banco.az
Menecerlər və ekspertlər də daxil olmaqla 2000-dən çox yüksək səviyyəli personalın “NASA”dakı işlərini tərk edəcəyi bildirilir.
Banco.az xəbər verir ki, ABŞ mərkəzli "Politico" nəşrinin xəbərinə görə, Amerika Aerokosmik Tədqiqatlar Agentliyi – "NASA"dan rəhbər və mütəxəssis səviyyəsində olmaqla 2 min nəfərdən çox təcrübəli əməkdaşın işdən ayrılacağı bildirilib.
Xəbərə əsasən, ümumilikdə 2 min 694 əməkdaşın, o cümlədən 2 min 145 nəfəri təcrübəli personal olmaqla, işdən çıxacağı gözlənilir. "NASA" əməkdaşlarına erkən təqaüd, könüllü ayrılma və təxirə salınmış istefa kimi seçimlər təklif edib.
Bu xəbər Ağ Evin "NASA"nın büdcəsini 25% azaltmaq və 5 mindən çox əməkdaşı işdən çıxarmaq planı ilə eyni dövrə təsadüf edir.
"NASA"nın on regional ofisinin hamısı bu prosesdən təsirlənib. Belə ki:
-
Merilend ştatındakı "Goddard Kosmik Uçuş Mərkəzi"ndən 606 nəfər,
-
Texasdakı "Johnson Kosmik Mərkəzi"ndən 366 nəfər,
-
Floridadakı "Kennedy Kosmik Mərkəzi"ndən 311 nəfər,
-
Vaşinqtondakı baş qərargahdan 307 nəfər,
-
Virciniyadakı "Langley Tədqiqat Mərkəzi"ndən 281 nəfər,
-
Alabamadakı "Marshall Kosmik Mərkəzi"ndən 279 nəfər və
-
Klivlend şəhərindəki "Glenn Tədqiqat Mərkəzi"ndən 191 nəfər işdən ayrılacaq.
İşdən ayrılan əməkdaşların böyük bir hissəsi "NASA"nın əsas fəaliyyət sahələri olan elm, insanlı kosmik uçuşlar və mühəndislik üzrə çalışırdı. Xüsusilə ən yüksək kadr pilləsi olan GS-15 səviyyəsindən 875 nəfərin ayrılması qurum daxilində təcrübə itkisi baxımından narahatlıq doğurur.
Mütəxəssislər hesab edir ki, bu itkilər "NASA"nın 2027-ci ildə Aya və daha sonra Marsa insan göndərmək məqsədini risk altına ata bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!