Banco.az "APA"ya istinadən, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin müsahibəsini təqdim edir.
- Son dövrlərdə ölkə rəhbərliyi tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Ümumiyyətlə, nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişlənməsinin ölkənin inkişafındakı rolunu necə qiymətləndirirsiniz?
- Müasir maliyyə infrastrukturunun vacib seqmentlərindən biri olan Milli Ödəniş Sistemi iqtisadi subyektlər arasında hesablaşmaların daha sürətli həyata keçirilməsini və səmərəli formada təşkilini təmin edir. Təhlükəsiz və effektiv formada fəaliyyət göstərən Milli Ödəniş Sistemi ölkənin maliyyə sabitliyinin və iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Geniş çeşidli və innovativ ödəniş infrastrukturunun mövcudluğu iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla, onların istehlakını yaxşılaşdırır.
Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsinin sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə bir sıra fərman və sərəncamlar verilmişdir.
Nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşməsi bank sisteminin resurs bazasını genişləndirir, iqtisadiyyatın kapitalizasiyasını və monetar siyasətin iqtisadiyyata təsir imkanlarını artırır. Milli Ödəniş Sistemi ölkənin maliyyə sabitliyində, effektiv monetar idarəetmə və iqtisadi artımın dərin maliyyələşməsində mühüm rol oynayır.
Beynəlxalq reytinq agentliklərindən olan “Moody`s”in hesablamalarına görə son 5 il ərzində elektron ödənişlərin inkişafı qlobal iqtisadiyyatda 1 trilyon ABŞ dollarına yaxın əlavə ÜDM və 2 milyon yeni iş yeri yaratmağa imkan vermişdir. Elektron ödənişlərin inkişafı ÜDM-i İEÖ-də 0.3% bəndi, İEOÖ-də isə 0.8% artırır.
- Qeyd etdiniz ki, qabaqcıl dünya ölkələrinin sosial-iqtisadi inkişafında nağdsız ödənişlər mühüm rola malikdir. Bu istiqamətdə ölkəmizdə hansı işlər görülmüşdür və aparıcı ölkələrlə müqayisədə haradayıq?
- Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılmasını və onların fəaliyyətinin təşkil edilməsini təmin edən dövlət orqanıdır. Son illərdə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi yaradılmışdır.
Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab olunan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) 2001-ci ildən, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ildən müvəffəqiyyətlə istifadə olunur. Bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunmuşdur. Vaxtilə həftələrlə vaxt aparan hesablaşma əməliyyatları hazırda bir neçə saniyə ərzində başa çatdırılır.
Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “Azərpoçt” layihəsi həyata keçirilmişdir. Nəticədə “Azərpoçt” MMC-nin geniş regional filial və şöbələrində maliyyə, o cümlədən nağdsız ödəniş xidmətlərinin göstərilməsinə imkan verən infrastruktur yaradılmışdır.
2015-ci ilin 1 iyul tarixinə ölkədə 926 filial və şöbəyə malik olan 43 bank, 1163 filial və şöbəsində maliyyə xidmətləri göstərilən “Azərpoçt” MMC və həmçinin 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlar da Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edir.
2015-ci ilin 1 iyul tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7 mln. ədədə yaxındır. Hazırda ölkədə Mərkəzi Bankdan alınmış lisenziya əsasında fəaliyyət göstərən “AzeriCard” MMC və “MilliKart” MMC, həmçinin 7 bank tərəfindən prosessinq fəaliyyəti həyata keçirilir. Ölkə üzrə ümumilikdə 2716 ədəd bankomat və 78391 ədəd POS-terminalın əhatə olunduğu kart infrastrukturu formalaşdırılmışdır.
Ölkədə 24 bank tərəfindən internet bankçılıq, 15 bank tərəfindən isə mobil bankçılıq xidməti müştərilərə təqdim olunur. Banklar tərəfindən elektron bankçılıq üzrə təqdim olunan xidmətlərin sayının artırılması, innovativ ödəniş alətlərindən təmassız ödəniş kartlarının emissiyası, daha müasir və çox funskiyalı ödəniş terminallarının quraşdırılması istiqamətində aktiv fəaliyyət göstərilir.
Lakin yaradılmış infrastruktur imkanlarına və bütövlükdə əldə edilmiş nəticələrə baxmayaraq, nağdsız ödəniş dövriyyəsi digər ölkələrlə müqayisədə əhəmiyyətli aşağıdır (nağdsız ödəniş dövriyyəsinin ÜDM-ə nisbəti Azərbaycanda 2.2 dəfə, İEÖ-də ortalama 70 dəfə, İEOÖ-də isə 25 dəfə). Ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%). Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i).
İnkişaf etmiş ölkələrlə müqayisədə qeyd olunan göstəriciləri nəzərə alaraq, Mərkəzi Bank yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan istifadənin genişləndirilməsi və dövriyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətini davam etdirir.