"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən Vergi Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edildi.
Vergi Məcəlləsinə əlavə edilmiş 58.7-1-ci maddəyə əsasən ödənilməsi nağdsız formada tələb edilən əməliyyatlara nağd ödənişlər edən zaman müəyyən məbləğdə maliyyə sanksiyası tətbiq olunacaqdır.
Həmçinin bax:
Bu ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Məcəllədə qeyd olunan maddəyə əsasən “Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”
Belə ki, əgər "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən nağdsız qaydada ödənilməsi tələb olunan ödənişləri nağd qaydada etsəniz, Vergilər Nazirliyi tərəfindən sizə maliyyə sanksiyası tətbiq ediləcəkdir. Əgər belə ödənişi il ərzində birinci dəfə etmiş olsanız etdiyiniz nağd ödənişin 10%-i cərimə məbləği olaraq tutulacaqdır. Yox əgər həmin təqvim ili ərzində ikinci dəfə nağd ödəniş etsəniz ümumi məbləğin 20%-i, üç və daha çox dəfə etmiş olsanız isə 40%-i cərimə olaraq tutulacaqdır.
Qeyd edək ki, bu maddə 2017-ci il yanvarın 1-dən etibarən tətbiq edilir.