Müxbir hesablar – bankların Mərkəzi Bankda və ya digər kredit təşkilatlarında açdığı hesablardır. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır. Banklarla yanaşı, AzərPoçt da Mərkəzi Bankda müxbir hesaba malikdir. Qanunvericiliyə görə yerli banklar milli valyutada müxbir hesablarını yalnız Mərkəzi Bankda aça bilərlər. Müxbir hesabları aşağıdakı kimi təsnifləşdirmək olar:
- «Nostro» müxbir hesablar - bankın (A bankının) digər bankda (B bankında) olan müxbir hesabları;
- «Loro» müxbir hesablar - digər bankın (B bankının) bankda (A bankında) olan müxbir hesabları
«Nostro» hesablar hesabatlarda bank aktivlərinin, «Loro» isə bank passivlərinin tərkib hissəsi kimi qeyd olunur.
Müxbir hesablar əsasən ödəniş taprışıqlarının, yəni pul köçürmələrinin operativ həyata keçirilməsini təmin edir. Məsələn, A banka yaxınlaşan müştəri xaricdə hər hansı bir C bankına pul göndərmək istəyir. Lakin A bankının C bankında hesabı olmadığı üçün A bankı digər bir B bankından yerləşən müxbir hesabı vasitəsilə C bankına pul göndərilməsini həyata keçirmiş olur.
Azərbaycan bankları tərəfindən xaricə pul köçürmələrinin sürətliliyini təmin etmək məqsədilə müxbir hesablar əsasən Citibank, Raiffeisen Bank, Commerzbank, Uralsib Bank, Ziraat Bank və s. kimi müxtəlif banklarda açılır.
«Nostro» və «Loro» müxbir hesabları hesablar planında aşağıdakı kimi ifadə olunur:
Mərkəzi Bankdakı «Nostro» müxbir hesabları:
- 1101 (milli valyuta)
- 1102 (xarici valyuta)
- 1103 (qiymətli kağızlar)
Banklardakı «Nostro» müxbir hesabları:
- 1501 (milli valyuta)
- 1502 (xarici valyuta)
- 1503 (qiymətli metallar)
Xarici mərkəzi/milli banklardakı «Nostro» müxbir hesabları:
- 1504 (xarici valyuta)
- 1505 (qiymətli metallar)
AMB-nin «loro» müxbir hesabları:
- 3102 (xarici valyuta)
- 3103 (qiymətli metallar)
Bankların «loro» müxbir hesabları:
- 3501 (milli valyuta)
- 3502 (xarici valyuta)
- 3503 (qiymətli metallar)
Xarici mərkəzi/milli bankların «loro» müxbir hesabları:
- 3504 (xarici valyuta)
- 3505 (qiymətli metallar)
Mərkəzi Bankda xidmət olunan Maliyyə institutlarının xarici valyutada müxbir hesablarını burdan əldə edə bilərsiniz.