Mütləq izləmək istəyəcəyiniz ən yaxşı YENİ İL FİLMLƏRİ | Banco.az

Mütləq izləmək istəyəcəyiniz ən yaxşı YENİ İL FİLMLƏRİ

Tamara Mustafayeva, Banco.az

Yeni il... Yeni ümidlər, yeni başlanğıclar, yeni uğurlar...

Yəqin ki, uşaqlıqda bir çoxumuzun sevimli fəsli qış olub. Səbəbi isə tapmaq elə də çətin olmaz. Axı necə sevilməsin, ağappaq qar, rəngbərəng bəzədilmiş yolka ağacı, əyləncəli şənliklər. Qış istənilən uşağın xəyalında əksərən bu formada canlanır. Bir də təbii ki, izləyərək böyüdüyümüz yeni il filmləri var. Hər il ekranda “Evdə Tək”, “Qrinç”, “Elf” kimi filmləri görəndə artıq qışın gəldiyini, yen ilin yaxınlaşdığını başa düşürük. Yəqin elə bu səbəbdəndir ki, məxsusi olaraq yeni il üçün çəkilmiş filmləri izləmədən özümüzü növbəti ilə keçmiş saymırıq.

Artıq dekabrın ilk həftəsini geridə qoymuşuq. Ola bilsin ki, bayram üçün planlarınız indidən hazırdır. İstirahət üçün ölkə daxili ya xarici səfərə yollanmaq, yaşadığınız yerdə yeni il şənliklərinə qoşulmaq, ailə və ya dostlarla yeni ili qarşılamaq... Gəlin bu siyahıya ənənədən geri qaymayaraq yeni il filmlərini də əlavə edək. İstər səfər üçün çıxılan yolda, istər dostlarla yığışdığınız zaman, istərsə də tək başına izləyə biləcəyiniz bir-birindən maraqlı filmlərin siyahısını sizin üçün tərtib etmişik.

Ürəyinizdəki işığın daha çox parladığı, şəfəqlərini ətrafa saçdığı, parıltısı ilə yolunuzu aydınlatdığı yeni il diləyiylə xoş seyirlər...

1. The Most Wonderful Time of the Year

The Most Wonderful Time of the Year

Buraxılış ili: 2008

Ölkə: ABŞ

Çalışqan, nizam-intizamlı, işini və oğlunu həyatının mərkəzinə qoymuş Cennifer adlı gənc qadın həyatı boyu öz qoyduğu qayda-qanunlara riayət edərək yaşamışdır. Hər il olduğu kimi bu bayramda da atası kimi gördüyü dayısı Ralfın onlara gəlməsini gözləyir. Keçmiş polis məmuru olan Ralfın isə Cenniferə sürpriz qonağı var. Bəs bu Milad Cenniferin həyatında nələri dəyişəcək? Yeni il ruhu ilə təzələnən həyatlar köhnə vərdişləri yeniliklərlə əvəzləyə biləcəkmi?

2. The Princess Switch 3: Romancing the Star

The Princess Switch 3 Trailer Reveals Triple the Vanessa Hudgens

Buraxılış ili: 2021

Ölkə: ABŞ

Ötən ilki məqalələrimizdə qeyd etdiyimiz “The Princess Switch” silsiləsinin qəhrəmanlarımızı yenidən görüşdürən 3-cü filmi “Romancing the Star”da hadisələr yenidən ənənəvi “yerdəyişmə” ətrafında cərəyan edir. Bir-birinə əkiz kimi bənzəyən Marqarit və Steysi əvəzolunmaz dəyərə malik Milad Ulduzu oğurlandığı zaman oxşarları Fiyona və onun keçmiş sevgilisindən kömək istəməli olurlar. Hadisələrin gedişi və filmin sehirli dünyası sizi yeni il əhvalına kökləyəcək.

3. A Boy Called Christmas

A Boy Called Christmas | Sky.com

Buraxılış ili: 2021

Ölkə: Birləşmiş Krallıq

Bu dəfəki səfərimiz məhz Şaxta Babanın sirli-sehirli dünyasına olacaq. Nikolas adlı cavan oğlan atasını tapmaq üçün çıxdığı ümid dolu axtarışda elflərin yaşadığı diyara gəlir və burada taleyini dəyişdirəcək reallıqla qarşılaşır.

4. Christmas at the Palace

Christmas at the Palace

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Romantika, nağıllar aləmini xatırladan ab-hava və sarsılmaz münasibətlər... Siyahının növbəti filmində qəhrəmanımız Keyti ayağını zədələdikdən sonra bir daha buz meydançasına çıxmamış, karyerasını xoreoqraf kimi davam etdirən keçmiş konkisürəndir. Milad tətilindən əvvəl nümayişlərini başa vuran Keyti və rəfiqəsi Cesika istirahət üçün San-Senovaya yollanırlar. Nağılvari tətil xəyal edən rəfiqələrin yolu burada məhz kral ailəsi ilə kəsişir. Krallığın quruluş il dönümü üçün təşkil olunacaq mərasim isə Keytinin yenidən buz meydançasına qayıtmasını tələb edir. Bəs qəhrəmanımız cərasətini toplayıb həyatını dəyişdirəcək bu addımı ata biləcəkmi?  

5. A California Christmas: City Lights

Watch A California Christmas: City Lights | Netflix Official Site

Buraxılış ili: 2021

Ölkə: ABŞ

İndi barəsində məlumat verəcəyimiz film ənənəvi Milad filmlərindən fərqli olaraq ömrü boyunca qar görməmiş insanların yaşadığı yerlərin isti bayram ab-havasını ekrana gətirir. “A California Christmas” filminin 2-ci hissəsi olan “City Lights”da hadisələr digər filmin yekunundan bir il sonrakı vaxt dilimini əhatə edir. Qəhrəmanlarımız Keyli və Cozef San-Fransiskodakı ailə biznesini idarə etmək üçün Keylinin uşaqlıqdan bəri yaşadığı Kaliforniyadan köçməli olurlar. Yeni şəhər, yeni başlanğıclar və təbii ki, yeni ilin sehirli atmosferi sizcə bir-birini sevən cütlüyə nə vəd edir?

6. Arthur Christmas

Where To Stream Arthur Christmas Online? What Platform Is It In?

Ən sərfəli kredit üçün müraciət et

Buraxılış ili: 2011

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Ceyms Makevoy, Vilyam Fransis kimi tanınmış aktyorların səsləndirdiyi bu animasiya filmi şaxta babanın yöndəmsiz, ancaq xoş niyyətli oğlu Arturun başından keçən maraqlı sərgüzəştdən bəhs edir. Atasının olduqca gizli oyuncaq zavodunda baş verən hadisədən sonra kiçik bir qıza yeni il hədiyyəsini çatdırmaq yola çıxmalı olan Artur bu səfərdən olduqca çox şey oyrənəcək.

7. Love Hard

Love Hard ending explained - does Natalie find her match?

Buraxılış ili: 2021

Ölkə: ABŞ

Tanışlıq saytında ruh əkizini tapdığını düşünən Los-Ancelesli bloq yazarı Natali Milad bayramını onunla birlikdə keçirmək üçün ölkənin digər bir ucuna yollanır. Nəhayət ki, axtardığı sevgi hekayəsini yaşayacağına inanan gənc qadını əsl sevgi ilə bağlı maraqlı imtahan gözləyir.

8. The Family Man

20 Best Romantic Christmas Movies

Buraxılış ili: 2000

Ölkə: ABŞ

Siyahının sonuna doğru qeyd etdiyimiz bu filmdə nə az nə çox düz 21 il bundan əvvələ səyahət edəcəyik. Uşaqlıq illərimizin keçdiyi o dövrün ab-havasını ekrana gətirən “Ailə atası” filmində hadisələr varlı, uğurlu biznes sahibi və yaraşıqlı iş adamı Cekin başından keçənləri əhatə edir. Həyatda istədiyi hər şeyi reallaşdırmağa öyrəşmiş bu gənc adam bir gün yuxudan oyanır və özünü tanımadığı bir dünyanın içində tapır. Bu yeni həyatında Cek keçmiş sevgilisi ilə evlidir və 2 uşağı var, ancaq vərdiş etdiyi dəbdəbəli həyatından əsər-əlamət yoxdur. Görəsən qəhrəmanımız əsl zənginliyin nə olduğunu kəşf edə biləcəkmi?

9. Too Close For Christmas

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Heyli Parker siravi, dəbdəbədən uzaq, əyləncəli və sevgi dolu bir insan, xüsusi mərasimlərin təşkili ilə məşğul olan uğurlu iş qadınıdır. Ancaq hər nə olursa olsun Milad əhval-ruhiyyəsi onun da vərdişlərini dəyişdirməsinə səbəb olur və Heyli bu bayramı bacısının ailəsi ilə keçirməyə razılaşır. Üstəlik burada bir tərəfdən öz təşkilatçılıq bacarıqlarını nümayiş etdirməli, digər tərəfdən də keçmiş sevgilisi ilə ayrılmağına səbəb olan insanla dava-dalaşsız yola getməyi öyrənməlidir. Təbii ki, Yeni il Heylinin həyatına da öz sehrini qatacaq.

10. 1000 Miles from Christmas

Watch 1000 Miles from Christmas | Netflix Official Site

Buraxılış ili: 2021

Ölkə: İspaniya

Siyahının sonuncu filmi ənənəvi Amerika-ingilis Milad filmlərindən bir qədər uzaqlaşıb fərqli ölkələrin yeni il adətləri ilə tanış olmaq istəyənlər üçün yaxşı alternativ hesab edilə bilər. İspan istehsalı olan “A mil kilómetros de la Navidad” filmi Milad bayramına nifrət edən maliyyə auditoru Raulun işgüzar səfər üçün yollandığı kiçik bir qəsəbədə başına gələnlərdən bəhs edir. Rauldan fərqli olaraq bu qəsəbənin sakinləri Miladı çox sevir və böyük təntənə ilə qeyd edirlər. Bəs sonda Raulun qətiyyəti yoxsa sirli-sehirli Milad ruhu qalib gələcək?

BONUS:

Silver Skates

Buraxılış ili: 2020

Ölkə: Rusiya

Milad filmlərdən ibarət siyahı hazırlayarkən məxsusi olaraq yeni il üçün ekranlaşdırılmamış, ancaq möhtəşəm kinematoqrafiyası ilə sizi Sankt-Peterburqun nağılvari dünyasında səfərə çıxaracaq Rusiya istehsallı “Silver Skates” filmini də əlavə etməyə bilməzdik.

Filmdə hadisələr 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin Rusiyasında cərəyan edir. Sankt-Peterburqun buz bağlamış çay və kanallarının üzərində konki sürən kasıb cavan oğlan ölkənin elitalarından birinin qızına aşiq olur. Görəsən gənc cütlüyün sevgisi maneələrin öhdəsindən gələcəkmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et