Müsahibənizin yaxşı keçməsinə baxmayaraq işə qəbul olmamanızın 5 səbəbi | Banco.az

Müsahibənizin yaxşı keçməsinə baxmayaraq işə qəbul olmamanızın 5 səbəbi

Müsahibə mərhələsindən sonra, hər şeyin yaxşı keçdiyini düşünüb axırda məyus olmağı heç kəs istəməz. Hətta elə insanlar vardır ki, müsahibə mərhələsindən sonra işi əldə etdiyini düşünüb həmin iş üçün hazırlıqlara başlayırlar. Çünki, bəzi insanlar müsahibə mərhələsindən dərhal sonra, müraciət etdiyi vakansiya üçün kifayət qədər təcrübəyə malik olduğunu, müsahibə götürən insanlarla səmimi münasibət qurduğunu fərz edər. Ona görə də, əmək müqaviləsini bağlamaq üçün günləri sayar. Bəs maraqlıdır, yaxşı keçmiş müsahibə mərhələsində uğursuz bir nəticə alınmasının səbəbləri nələrdir?  Banco.az komandası olaraq bu səbəbləri araşdırdıq və axtardığımız nəticələri sizə təqdim edirik:

     1. Sizdən daha təcrübəliləri vardır

Hər hansı bir vəzifə üçün vakansiya elan etmiş şirkətlər həmin vəzifəyə ən yaxşısını qəbul etməyə çalışarlar. Bu halda sizə düşən vəzifə həmin vakansiya üzrə bacarıqlı olmaq deyil, ən yaxşısı olmaqdır. Necə bir namizəd olduğunuz,  həmin iş üçün nə qədər uyğun gəldiyiniz yalnız sizi işə götürən şirkət tərəfindən bilinəcək və vakansiyaya müraciət etmiş şəxslər üçün sirrli qalacaqdır.

     2. Şirkətin iş mədəniyyətinə uyğun deyilsiniz.

Fikrimcə müqayisə etmək doğru olmasa belə, hər bir şirkətin özünəməxsus iş mədəniyyəti vardır. Yəni, bütün  xörəklər eyni ləzzətdə olmadığı kimi bütün şirkətlər də eyni bir idarəetmə sistemi ilə idarə olunmur.  Ola bilər ki, müraciət etdiyiniz şirkətin işi görmə forması sizinkindən tam fərqlidir. Ona görə də, nə qədər yaxşı CV-niz olsa belə, əgər şirkətin iş mədəniyyətinə uyğun gəlməsəz, işə qəbul olma şansınız yoxdur.

     3. Özünü yaxşı ifadə etməmisiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bacarıqlarınızla yanaşı həmin bacarıqları necə göstərdiyiniz də vacibdir. İş müsahibəsində özünü yaxşı ifadə edə bilməyən insanlar, savadı çox olub dərs keçə bilməyən müəllimlərə bənzəyir. Nə qədər mükəmməl CV-niz olsa belə, həmin CV-ni tamamlayacaq şəxsin siz olduğunu yaddan çıxartmayın. Özünüzü yaxşı ifadə etmək üçün ilk növbədə əlaqə qurmağa çalışın. Eyni şeyləri təkrar-təkrar etməyin. CV-də qeyd etdiyiniz məlumatların sizə nə qazandırdığı barədə bəhs etməyi unutmayın.  Misal olaraq, iştirak etdiyiniz seminarlar, getdiyiniz kurslar və.s , bütün bunların sizə nə verdiyini və hansı üstünlükləri olduğu barədə məlumat verin.

     4. Qarşı tərəfi narahat etmisiniz.

Müsahibə ərəfəsində bəzi nüanslar vardır ki, etik deyil. Məsələn, tez-tez saata baxmaq, telefonu əldən düşürməmək, gözlərini qaçırtmaq, saqqalınızla  və ya saçınızla oynamaq kimi hərəkətlərlə qarşıdakı müsahibə götürəni narahat edəcəksiniz. Ona görə də, müsahibə mərhələsi nə qədər yaxşı keçsə belə, müsahibə götürən narahatlıq çəkdiyi üçün sizi işə götürməməkdə haqqı vardır.

     5. İş üçün kifayət qədər istəkli deyilsiniz.

İşəgötürən şirkət elan etdiyi  vəzifə üçün istəkli və həyəcanlı olan insanlarla işləyəcəkdir. Ona görə də, müsahibə götürən insanlar daha çox şirkətin sizə nə verəcəyini deyil, sizin şirkətə nələr verəcəyinizi eşitməyi istəyir. Əgər siz sırf iş üçün deyil, digər məqsədlər üçün vakansiyaya müraciət etmisinizsə, sonda uğursuz bir nəticə almaq şansınız daha çoxdur.  Çünki, hər bir şirkətin əsas məqsədi karyerasını hərmin şirkətdə davam etmək istəyən namizədlərlə əlaqə qurmaqdır. 

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et