Nigar Umaxanlı, Banco.az
“Thebalancecareers.com” yazır ki, işəgötürmə üzrə məsul menecerlər həmişə işaxtaranların iş yerlərini niyə dəyişdirmək istəməsi ilə maraqlanırlar. Müsahibədə verilən suallar işdən ayrılma səbəblərini aşkarlamaq məqsədi daşıyır. Namizədin cavabları onun motivasiyasının düzgün olduğunu və işdən qaçmağa çalışmadığını nümayiş etdirməlidir. Aşağı nəticəlilik, həmkarlarla gərgin münasibətlər, yaxud da işçinin bu tip işdən qaçması yeni iş yerində də belə vəziyyətlərin yarana biləcəyini göstərir.
İşəgötürən əslində nəyi bilmək istəyir?
Hər sualın məqsədi namizədin vakansiyaya nə dərəcədə uyğun olduğunu tapmaqdır. HR-menecerlər qarşılarındakı müsahibdə peşəkar inkişafa və karyera qurmağa həvəs, onun həmkarları, müştəriləri və rəhbərliyi ilə ortaq dil tapa bilmək bacarığını görmək istəyirlər.
“Niyə iş yerinizi dəyişdirmək istəyirsiniz?” sualının ən məqsədəuyğun cavabı necədir?
Müsahibəyə gəlməyinizin müsbət səbəblərini sadalayın. İşin, şirkətin və təşkilatın spesifik cəhətlərinə uyğun gələn bacarıq və maraqlarınızı vurğulayın. İşaxtaran CV göndərdiyi müəssisəyə hansı dəyəri qazandıracağını əsaslandırmalıdır. Lakin nəzərinizdə saxlayın ki, şirkət haqqında məlumatlı olmasanız, danışdığınız hər şey əbəs olacaq.
Əvvəlki işəgötürən haqqında neqativ fikirlər səsləndirməyin.
Əvvəlki müdir idealdan uzaq olsa belə bu barədə danışmağa dəyməz. Əvvəlki işəgötürənə ünvanlanan mənfi rəylər ilk növbədə namizədə mənfi təsir edəcəkdir. Başqası barədə danışdıqlarınız sizin haqqınızda rəy formalaşdırır. İşəgötürən gələcəkdə eyni şəkildə müzakirə olunacağı qənaətinə gələ bilər. Belə bir insanı işə götürməyə dəyərmi? Üstəlik, keçmiş rəisinizlə potensial rəhbəriniz tanış çıxa bilər. Ələlxüsus da eyni fəaliyyət sahəsində işləyirlərsə.
Yeni iş yeri axtarışınızı əvvəlki iş yerinizi əskiltmədən, sadəcə karyerada yüksəlmək amalınızı vurğulayaraq əsaslandırın. Peşəkar işaxtaranlar məsuliyyət dairəsinin daha geniş olacağı və gələcəkdə karyera yüksəlişi üçün tramplin rolunu oynayacaq vakansiyalara müraciət edirlər.
Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI
Açıq vakansiyanın uzunmüddətli karyera hədəfləriniz üçün daha münasib olduğunu da bildirə bilərsiniz. Bu arqumenti hərtərəfli müzakirə etməyə hazırlıqlı olun.
İşin dəyişdirilməsinin onsuz da yaxşı olan vəziyyətinizin daha da yaxşılaşdırılması üçün bir yol olduğunu göstərməlisiniz. İnandırıcı olmaq və oradan qaçdığınız təəssüratı yaratmamaq məqsədilə cari işinizlə bağlı müsbət faktlar toplamalısınız. Əvvəlki iş yerində verilmiş karyera imkanları və bunun sizin üçün necə dəyərli olduğu barədə danışın.
Axtarış üçün xarici bir səbəb varsa, bundan bəhs edin. Məsələn, iş dəyişikliyinin həlledici səbəbi yaşayış yerini dəyişmə, ailə vəziyyəti, evə yaxın iş tapmaq istəyi ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!