“Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” | Banco.az

“Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”

Hazırda bütün dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması və eyni zamanda onlara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir və bu məqsədlə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

Bu istiqamətdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq, APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə 2024-cü il 18-20 sentyabr tarixlərində “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda Bakıda Avropanın və Asiyanın nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirildi. Forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuşdur.

Qeyd edək ki, Forumda IFAC-ın prezidenti xanım Asmaa Resmouki və eləcə də Avropa və Asiya ölkələrinin peşəkar qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər də olmaqla Azərbaycan Respublikasının nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai əhəmiyyətli qurumlarının nümayəndələri, ölkənin maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 600 nəfərə yaxın mütəxəssislər də iştirak etmişdir.

Forum iştirakçıları Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi olaraq vurğulayıb.  Bildirilib ki,   həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır. Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq.
 
Forumun Açılış və Bağlanma mərasimində xarici qonaqlara Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq məqsədilə zəngin mədəni proqram təşkil olunmuşdur. Gələcək əməkdaşlığın davam etdirilməsi məqsədi ilə Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Əməkdaşlıq Memorandumları imzalanmışdır.
 
Forumun Azərbaycanda rəsmi koordinatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş Peşəkar Mühasib Təşkilatı - Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) çıxış edir. APFM Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, ICB/ICFM Global təşkilatının Azərbaycanda rəsmi nümayəndəsidir və 2007-ci ildən etibarən 8 forumun təşkilatçısı olmuşdur. APFM-in 1000 yaxın peşəkar mühasib üzvü var.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et