"Muğan Bank"da olan əməkhaqqı kartlarındakı pullar qaytarılacaqmı? | Banco.az

"Muğan Bank"da olan əməkhaqqı kartlarındakı pullar qaytarılacaqmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən "Muğan Bank"da olan əməkhaqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.  

Qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir: "Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir.

Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğan Bank"ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, "Muğan Bank" tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram