Azərbaycanda vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.
Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək.
Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.
Marja