Morgan Stanley Brent-in I rübdəki qiymət proqnozunu 75 dollara endirdi | Banco.az

Morgan Stanley Brent-in I rübdəki qiymət proqnozunu 75 dollara endirdi

Müəllif - Eldar Kərimov/Banco.az 

Morgan Stanley analitikləri Brent markalı neftin birinci rübdəki qiymət proqnozunu 2,5 dollar azaldaraq 75 dollar/barelə endirib. Onlar həmçinin qeyd ediblər ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasəti qlobal iqtisadiyyatın neftə olan tələbatını zəiflədə və onu 2025-ci ilin ikinci yarısında təkliflə daha uyumlu hala gətirə bilər.

Analitiklərin fikrincə, gömrük rüsumlarının tətbiqi və ticarət gərginliyinin artması neft istehlak edən sahələrə ciddi zərbə vura bilər. Tələbat perspektivlərinə dair qeyri-müəyyənlik ehtimal ki, OPEC+ təşkilatını hasilat məhdudiyyətlərinin tədricən aradan qaldırılmasını təxirə salmağa məcbur edəcək. Xatırladaq ki, təşkilat 1 aprel tarixindən etibarən hasilat məhdudiyyətlərini azaltmağa başlamağı planlaşdırırdı.

Morgan Stanley bu il üçün qlobal neft tələbatına dair əvvəlki proqnozlarını dəyişməyib, lakin 2025-ci ilin ikinci yarısında neft təklifinin gözləniləndən daha aşağı ola biləcəyini vurğulayıb.

OPEC+ hasilat məhdudiyyətlərini uzatdığı təqdirdə, bankın neft təklifi proqnozu gündəlik 400 min barel azalacaq.

Analitiklər həmçinin Rusiyanın neft sektoruna qarşı əlavə sanksiyaların tətbiqi və İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını qeyd ediblər. Bu addımlar İranın neft ixracını sıfıra endirməyi hədəfləyir.

Morgan Stanley-nin hesablamalarına görə, birinci rübdə qlobal neft ehtiyatları gündəlik 600 min barel artıb. Bankın modelləri isə ikinci rübdə bu artımın 1 milyon barel/gün səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.

Bununla belə, ikinci və üçüncü rüblər arasında tələbatın ənənəvi artımıhasilatın gözlənilən azalması nəzərə alınaraq, ikinci yarımildəki təklif profisiti 200 min barel/gün səviyyəsində defisitlə əvəz oluna bilər.