Son 4 ildə Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 6 faizdən çox artaraq təqribən 15 milyard dollar təşkil edib. Bunu çərşənbə axşamı AMB-nin sədri Elman Rüstəmov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə əsasən, bu məbləğ tədavüldə olan manat pul kütləsini xeyli üstələyir: "Hazıda AMB tədavüldə olan bütün manat kütləsini konversiya etmək imkanına malikdir. Bu, Azərbaycan valyutasının sabitliyinin möhkəm əsaslarındandır".
E.Rüstəmov qeyd edib ki, AMB 2014-cü ildə tədiyə balansının profisiti şəraitində manatın məzənnəsinin sabitliyini təmin edə bildi: "Bildiyiniz kimi, əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin çoxunun milli valyutaları ciddi devalvasiyaya məruz qaldı. Biz milli valyutamızı devalvasiya etməli olduğumuz barədə bir sıra təkliflər aldıq. Təkliflərə əsasən, manatın devalvasiyası bizim üçün ticarət tərəfdaşları ilə münasibətdə üstünlük yarada bilər. Lakin tarixən və elmi cəhətdən sübut edilib ki, devalvasiya yalnız qısamüddətli spekulyasiya üstünlüyü yaradır və sonradan qiymət artımı nəticəsində dövlət və onun iqtisadiyyatı bu üstünlüyü itirir. Məsələn, 1998-ci ildə Rusiyada milli valyutanın denominasiyası həyata keçirilmişdi ki, ciddi böhran baş verdi. Qısa müddət ərzində dolların məzənnəsi 6-dan 24 rubladək, yəni 4 dəfə artdı, nəticədə isə Rusiya iqtisadiyyatı 6-7 ay ərzində üstünlüyünü itirdi".
AMB sədri əlavə edib ki, bu, qiymət və xərclərin artımına görə baş verdi: "Xatırlamaq lazımdır ki, devalvasiya zamanı inflyasiya, aktivlərin qiymətinin və əhalinin əmanətlərinin ucuzlaşması səbəbindən ilk növbədə əhali əziyyət çəkir".
E.Rüstəmovun sözlərinə görə, hazırda manatın məzənnəsi tam sabitdir: "Manat çox güclü regional valyuta kimi özünü göstərir. O, müxtəlif dövlətlər tərəfindən yaxın və uzaq xarici ölkələrlə ticarət zamanı qəbul olunur. Hesab edirik ki, ilin sonunadək manatın sabitliyinin davamlılığı təmin olunacaq".
Mənbə
trend.az