Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft”un yeni süni intellekt təşkilatı: "Frontier Company".
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Microsoft” müştərilərinin iş proseslərini süni intellekt vasitəsilə transformasiya etmələrinə dəstək məqsədilə 2,5 milyard dollarlıq investisiya ilə “Microsoft Frontier Company” adlı yeni korporativ süni intellekt təşkilatı yaradacağını açıqlayıb.
Şirkətin yaydığı açıqlamada bildirilib ki, yeni təşkilat dərin sahə biliklərini, dəyişikliklərin idarə edilməsi və davamlı təkmilləşdirmə təcrübəsini korporativ səviyyədə süni intellekt mühəndisliyi üzrə ixtisaslaşmış biliklərlə birləşdirəcək.
Açıqlamada qeyd olunub ki, sözügedən struktur dünya üzrə müştərilərə süni intellekt əsaslı transformasiya proseslərində dəstək göstərəcək.
Şirkət vurğulayıb ki, yeni təşkilat sektorda ən böyük və nəticəyönümlü mühəndislik strukturu olacaq. Bu təşəbbüs çərçivəsində 2,5 milyard dollar həcmində investisiya yatırılacaq.
Bundan əlavə, müştərilərlə birlikdə ölçülə bilən biznes nəticələrinə əsaslanan süni intellekt sistemlərinin layihələndirilməsi, hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi məqsədilə 6 min mütəxəssisin fəaliyyət göstərəcəyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
