Müəllif:Ayşən İmanova/Banco.az
Sentyabr ayında təqdim edilən “Microsoft”un AI köməkçisi “Copilot” üçün pulsuz səs rejimi “Copilot Voice” bütün dünyada istifadəyə verildi.
Banco.az xəbər verir ki, bu barədə “Windows Latest” portalı məlumat yayıb.
“Copilot” istifadəçiləri artıq süni intellektin işlədiyi bütün bölgələrdə səs rejimindən pulsuz istifadə edə biləcəklər. Xatırladaq ki, bundan əvvəl “Copilot AI Voice” yalnız Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-də əlçatan idi. İndi bu ölkələrə Asiyanın müxtəlif ölkələrindən və digər ingilisdilli ölkələrdən istifadəçilər qoşulub.
Seçim üçün dörd səs mövcuddur: “Meadow”, “Wave, “Grove” və “Canyon”, hazırda yalnız ingilis dilində cavab verilir, hətta istifadəçi süni intellektə başqa dillərdə daxil olsa belə. Məlumdur ki, “Microsoft” gələcəkdə digər dillər üçün dəstək əlavə etməyi planlaşdırır, lakin bunun vaxtı hələ açıqlanmayıb.
Qeyd edək ki, “Microsoft” ötən ay “Copilot”a virtual xəbər aparıcı rejimi və tam səs interfeysi daxil olmaqla böyük bir yeniləmə təqdim edib. Köməkçi həmçinin mətn, şəkillər və veb-səhifələrin digər məzmunu ilə bağlı suallara cavab verməyə imkan verən “Copilot Vision” funksiyasını da əldə edib.