Müəllif: Tamara Mustafayeva, Banco.az
“Micron” və “Ford” uzunmüddətli strateji müqavilə imzaladılar.
Banco.az xəbər verir ki, ABŞ mərkəzli yarımkeçirici istehsalçısı “Micron Technology” ilə avtomobil istehsalçısı “Ford Motor Company” “Ford”un yeni nəsil avtomobillərində istifadə olunacaq yaddaş və məlumat saxlama həllərinin təchizatını gücləndirmək məqsədilə uzunmüddətli strateji müştəri sazişi imzalayıblar.
“Micron Technology”nin açıqlamasında bildirilib ki, şirkət avtomobil sənayesində istifadə olunan mühüm yaddaş həllərinin istehsal gücünü artırıb.
Açıqlamada qeyd olunub ki, bu investisiyalar qlobal miqyasda sürətlə artan yaddaş və məlumat saxlama tələbatını qarşılamaq üçün təchizat imkanlarının genişləndirilməsi strategiyasının bir hissəsidir. Vurğulanıb ki, həmin sərmayələr eyni zamanda avtomobil sənayesi ekosistemini dəstəkləyir və ABŞ-ın kritik infrastrukturunun gücləndirilməsinə töhfə verir.
Bəyanatda bildirilib ki, saziş “Micron Technology”nin avtomobil sənayesindəki müştəriləri üçün istehsalın artırılması və lokallaşdırılması istiqamətində həyata keçirdiyi investisiyalarla dəstəklənir. Bu çərçivədə ABŞ-ın Virciniya ştatının Manassas şəhərində yerləşən müəssisədə qabaqcıl DRAM yaddaş çiplərinin istehsal gücünün artırılması da nəzərdə tutulur.
Şirkət həmçinin qeyd edib ki, “Ford Motor Company” ilə imzalanmış strateji müştəri sazişi 2026-cı maliyyə ilinin üçüncü rübünün maliyyə nəticələrinin təqdim olunduğu iclasda açıqlanan 16 strateji razılaşmadan biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!
