Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın aparıcı avtomobil şinləri istehsalçılarından biri olan “Michelin” 2026-cı ilin əvvəlindən gec olmayaraq Fransadakı iki fabrikini bağlamaq niyyətində olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
"Şole və Vann şəhərlərində yerləşən zavodlar bir neçə ildir ki, ciddi iqtisadi çətinliklərlə üzləşib. Şirkət tərəfindən görülən tədbirlərə baxmayaraq, zavodların həyat qabiliyyətini saxlamaq mümkün olmayıb. Hər iki zavoda ciddi ziyan dəyib”, - deyə açıqlamada bildirilib.
Şirkət qeyd edir ki, bu qərar bütün alternativ variantlar və ssenarilər təhlil edilərək qiymətləndirildikdən sonra son çarə kimi qəbul edilib.
Məlumata görə, iki müəssisənin işçilərinin sayı 1,25 min nəfəri ötür. Fabriklərdə istehsal noyabrın 11-dək dayandırılıb. Rəhbərliklə həmkarlar ittifaqları arasında aparılan danışıqların nəticələrinə əsasən, hər bir işçiyə fərdi dəstək şərtləri təklif olunub.