Müəllif: Tamara Mustafayeva, Banco.az
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəlirləri cari ilin II rübündə artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Meta” aprel-iyun dövrünü əhatə edən balans hesabatını dərc edib.
Hesabatda qeyd olunur ki, 2023-cü ilin ikinci rübündə şirkətin gəliri ötən ilin eyni dövrünə nəzərən 11 faiz artım göstərməklə 32 milyard dollara çatıb. Bununla da, “Meta” 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq ikirəqəmli gəlir artımına nail olub. Şirkətin 2022-ci ilin eyni dövründəki gəliri isə 28,8 milyard dollar təşkil edirdi.
“Meta”nın xalis mənfəəti də cari ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 6,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, şirkətin 2022-ci ilin II rübündə 2,46 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 2,98 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
