“Meta” və “BlackRock”dan 14 milyard dollarlıq məlumat mərkəzi layihəsi | Banco.az

“Meta” və “BlackRock”dan 14 milyard dollarlıq məlumat mərkəzi layihəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” və “BlackRock”dan 14 milyard dollarlıq məlumat mərkəzi layihəsi.

Banco.az xəbər verir ki, “Meta” açıqlayıb ki, El Paso şəhərində inşa ediləcək məlumat mərkəzi kampusunun inkişaf dəyəri təxminən 14 milyard dollar olacaq. Məlumata görə, obyekt 2028-ci ildə fəaliyyətə başlayacaq və ilkin mərhələdə yeganə icarəçi “Meta” olacaq. Layihədə “BlackRock”un fondları 80 faiz, “Meta” isə qalan 20 faiz paya sahib olacaq.

Şirkət layihəyə ilkin mərhələdə təxminən 2,3 milyard dollar dəyərində torpaq sahələri və digər aktivlər daxil edəcək, bunun müqabilində isə birdəfəlik 1 milyard dollar ödəniş alacaq.

“BlackRock” isə layihəyə təxminən 4,9 milyard dollar həcmində nağd vəsait yatıracaq. Bu məbləğin bir hissəsi 12,5 milyard dollarlıq borc maliyyələşdirilməsi hesabına təmin ediləcək.

El Paso layihəsi “Meta”nın süni intellekt infrastrukturunu gücləndirmək və əlavə hesablama gücünü kommersiya məqsədilə təqdim etmək üçün başladığı “Meta Compute” təşəbbüsünün tərkib hissəsidir. Şirkət bu obyekt üzrə ilkin olaraq dörd illik, uzadılma hüququ nəzərdə tutulan icarə müqavilələri bağlayacaq.

Bu ilin əvvəlində “Meta” süni intellekt infrastrukturuna yönələn böyük investisiyalar və komponentlərin bahalaşması səbəbindən ilin sonu üzrə kapital xərcləri proqnozunu 125 milyard dollardan 145 milyard dollara yüksəltmişdi.

“Alphabet”, “Amazon.com”, “Meta” və “Microsoft” kimi texnologiya şirkətləri hələ inkişaf mərhələsində olan süni intellekt həlləri bazarında üstün mövqe qazanmaq məqsədilə məlumat mərkəzlərinə yatırımlarını sürətlə artırırlar. Bu irimiqyaslı layihələr əsasən kapital qoyuluşları, özəl infrastruktur fondları, borc maliyyələşdirilməsi və dövlət investisiya fondlarının vəsaiti hesabına maliyyələşdirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram