Müəllif:Ayşən İmanova/Banco.az
“Meta Platforms” 2024-cü ilin üçüncü rübündə xalis mənfəəti 35%, gəliri isə 19% artıraraq rekord həddə çatdırıb. Hər iki rəqəm bazar proqnozlarını üstələyib.
Banco.az xəbər verir ki, iyul-sentyabr aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 11,58 milyard dollarla müqayisədə 15,69 milyard dollar təşkil edib. Rüblük gəlir bir il əvvəlki 34,15 milyard dollardan 40,59 milyard dollara yüksəlib.
“Meta” tətbiqlərində reklam mesajlarına baxış sayı 7%, orta reklam qiymətləri isə 11% artıb.
Sentyabrın sonunda şirkətin xidmətlərində (Facebook, Instagram, Messenger və WhatsApp) gündəlik aktiv istifadəçilərin (DAP) orta sayı 3,29 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 5% çoxdur. Analitiklər orta hesabla DAP-ın 3,31 milyard olacağını gözləyirdilər.
“Meta”nın proqnozuna görə, dördüncü rübdə onun gəliri 45-48 milyard dollara çatacaq.
Üçüncü rübdə şirkət öz səhmlərinin 8,86 milyard dollarını geri alıb və 1,26 milyard dollar dividend ödəyib.
Qeyd edək ki, çərşənbə günü hesabatın dərcindən sonra əlavə ticarətdə “Meta” səhmləri 3,1% ucuzlaşıb. İlin əvvəlindən onların dəyəri 67,2% artıb.