Müəllif - Fərid İslamov, Banco.az
Meta Platforms-un rəhbəri Zukerberq korporasiya işçilərinin təxminən 13%-ni ixtisar etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Amerikanın Meta Platforms korporasiyası 11 mindən çox əməkdaşını işdən çıxaracaq ki, bu da işçilərin ümumi sayının təxminən 13 faizinə bərabərdir. Şirkət planının təfərrüatlarını onun rəhbəri Mark Zukerberq paylaşıb. Bu barədə Meta saytındakı press-relizdən məlum olub. Şirkət həmçinin yeni işçilərin işə götürülməsinə moratoriumun müddətini gələn ilin birinci rübünə qədər uzadıb.
Meta-nın təsisçisi qərara görə məsuliyyət daşıdığını və "təsirə məruz qalanlar üçün xüsusilə üzgün olduğunu" söylədi. O, korporasiyanın işinə verdikləri töhfələrə görə əməkdaşlara təşəkkür edib və ixtisar olunan işçilərin dəstəklənməsi üçün bir sıra tədbirləri sadalayıb. Zukerberq etiraf edib ki, dünyanın sürətlə onlayn rejimə keçməsinə töhfə verən COVID-19 pandemiyasının başlamasından sonra şirkət sürətlə artan xərclərin öhdəsindən gələ bilməyib. Korporasiya yeni distant formatlara sərmayəni əhəmiyyətli dərəcədə artırdı, lakin gəlirlər gözləniləndən xeyli aşağı oldu.
Meta WhatsApp sosial şəbəkələrinin, həmçinin Facebook və Instagram-ın ana şirkətidir. 2022-ci ilin sentyabr ayının sonuna korporasiyanın işçilərinin sayı 87,3 min nəfər olub. Kütləvi ixtisarlar korporasiya tarixində ən böyük azalma olacaq və bütövlükdə sənayedə ən böyük azalmalardan biri ola bilər. Şirkət 18 ildən sonra ilk dəfə belə bir addıma əl atacaq.
Oktyabrın sonunda Meta üçüncü rüb üzrə fəaliyyəti haqqında hesabat təqdim edib - şirkətin gəliri dörd faiz azalaraq 27,7 milyard dollar təşkil edib. Maliyyə hesabatları açıqlanandan bəri şirkətin bazar kapitallaşması yarıdan çox azaldıqdan sonra təxminən 67 milyard dollar azalıb.