Ötən gün, mətbuatda yayılan məlumata əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı banklara və bank olmayan kredit təşkilatlarına məktub göndərərək istehlak kreditləri üzrə tutulan komissiya haqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsinə dair göstəriş verib.
Bank sektorunun bir çox nümayəndələri göndərilən bu məktubun hüquqi cəhətdən qüvvəsiz olduğunu və əslində Mərkəzi Bankın banklara bu tipli göstərişlərin verməsi onun səlahiyyətləri çərçivəsində olmadığını bildirirlər. İqtisadçı ekspert Samir Əliyev də bu fikirdədir: “Bank qanunvericiliyinə görə, kreditlərin komisyon haqları banklar tərəfindən sərbəst müəyyənləşdirilir. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bank bununla bağlı uzaqbaşı tövsiyə verə bilər.”
Amma praktikada Mərkəzi Bankın tövsiyələri hər zaman birmənalı şəkildə icra olunub:
Keys 1.
2014-cü ilin yanvar ayının əvvəllərində Mərkəzi Bank banklara ciddi şəkildə təlimat verdi ki, müştərilərin ödəmə qabiliyyətinin araşdırmasına ciddi yanaşsınlar. Yəni kreditin verilməsi üçün gəlirləri təsdiq edən sənədlərin mövcudluğu mütləq hal aldı və iş yerindən arayış olmadan kreditlərin verilməsi dayandırıldı.
Beləliklə bu tapşırıqla arayışsız kreditlər tarixə qovuşdu.
Keys 2.
Həmçinin ötən ilin əvvəlində daha öncə avtomobil kreditlərinin verilməsi ilə bağlı qadağa, daha sonra avto kreditlərin verilmə şərtlərinin sərtləşdirilməsinin şahidi olduq. Eyni qaydada başlayan göstəriş bir çox bankların avtomobil kredit portfelini alt-üst etdi, xüsusi ilə də avtomobil krediti üzrə ixtisaslaşan banklara baha başa gəldi.
Avtomobil kreditləşməsi ilə bağlı göstərişə əməl etməyən banklar vaxtında öz cavablarını almışdı.
“Biz hətta eşitdik ki, bəzi banklar təşəbbüs göstərib, ancaq “tənbeh” ediliblər.” – iqtisadçı ekspert Samir Əliyev bəzi bankların avtomobil kreditləşməsini davam etdirmək cəhdi ilə bağlı məsələyə münasibət bildirmişdi.
Indi də Mərkəzi Bankın komisyon haqqı ilə bağlı göstərişinə bütün kommersiya banklarının qeyd şərtsiz əməl edəcəyi şübhə doğurmur.