Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş iclası keçirilib.
Mərkəzi Bankın sədri E.Rüstəmov çıxışında bildirdi ki, cari ilin ötən dövründə ölkə iqtisadiyyatında dinamik inkişaf və əhalinin rifah səviyyəsinin yüksəlməsi prosesləri davam etmişdir.
Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqisadi sabitlik göstəricilərinə görə dünyada ön mövqelərini inamla qorumaqdadır. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerə layiq görülmüş, o cümlədən ölkəmiz makroiqtisadi sabitlik üzrə ilk onluqdakı yerini qorumuşdur.
Cari ilin 9 ayında ölkədə iqtisadi artım 2,5% təşkil etmiş, o cümlədən qeyri-neft iqtisadiyyatı 6% artmışdır. Ölkədə makroiqtisadi sabitlik qorunmuş, orta illik inflyasiya cəmi 1,5% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründə olduğundan 0,4 faiz bəndi azdır. Əhalinin real pul gəlirləri 4% artmışdır. Ölkədə investisiya aktivliyi yüksək olaraq qalmış, strateji valyuta ehtiyatları 53 milyard dolları keçmişdir.
Daha sonra E.Rüstəmov bildirdi ki, Mərkəzi Bank bütün illərdə olduğu kimi, cari ildə də öz mandatından irəli gələn vəzifələri uğurla yerinə yetirmiş, onun fəaliyyəti iqtisadi artımın və şaxələnmə proseslərinin hərtərəfli dəstəklənməsinə yönəlmişdir. Başlıca məqsəd olan makroiqtisadi sabitlik etibarlı qorunur. Belə ki, manatın məzənnəsi sabitdir və bu, aşağı inflyasiyanın təmin olunmasında mühüm amildir. Aşağı inflyasiya şəraitində Mərkəzi Bank pul siyasətinin təşviqedici imkanlarından səmərəli istifadə etmişdir. Bank sektorunda dayanıqlı sabitlik hökm sürür, sektorun maliyyə vasitəçiliyi genişlənir.
İclasda aparılan müzakirələrdə həmçinin qeyd edildi ki, Mərkəzi Bankın digər vəzifə və funksiyaları da cari ildə uğurla yerinə yetirilmişdir. Çıxışlarda ödəniş sistemləri sahəsində son proseslər, modernizasiya işləri və yeni təşəbbüslər, valyuta ehtiyatlarının idarə edilməsi üzrə strateji dəyişikliklər, nağd pul təsərrüfatında inkişaf meyilləri və digər mühüm layihə işləri və institusional dəyişikliklər barədə məlumat verildi.
İclasın yekununda hesabat dövrünün nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkərək bildirdi ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank bundan sonra da cənab Prezidentin qarşıya qoyduğu sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcəkdir.