Mərkəzi Bank yeni nominalda əskinas buraxmaq niyyətində deyildir | Banco.az

Mərkəzi Bank yeni nominalda əskinas buraxmaq niyyətində deyildir

Azərbaycan Mərkəzi Bankı milli valyutanın yeni nominalda əskinaslarını buraxmaq niyyətində deyildir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov demişdir.
Bu günlərdə Milli Məclisin plenar iclasında yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əskinasın buraxılacağı barədə xəbərləri şərh edən Elman Rüstəmov bildirmişdir ki, dünyanın əsas valyutalarının və daxili amillərin təhlili hazırda 6 nominalda əskinasdan ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac olmadığını göstərir.
Elman Rüstəmov ABŞ dolları, Britaniya funtu, avro və dünyanın digər aparıcı valyutalarını misal gətirərək demişdir ki, həmin valyutaların da 1 və 5 nominallı vahidləri arasında başqa nominalda əskinas yoxdur. ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əskinas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilmədiyindən hazırda işləmir.
Milli valyutanın nominal strukturu planlaşdırılarkən Azərbaycan Milli Bankı İsveçrə bankının dəstəyi ilə riyazi, elmi cəhətdən əsaslandırılmış hesablamalar aparmışdır. Beynəlxalq ekspert qiymətləndirilməsinə əsasən milli nominal strukturunun məhz indiki şəkildə olması təklifi qəbul edilmişdir. Bu, beynəlxalq normalara uyğunlaşdırılmış və özünəməxsus strukturdur.
Eyni zamanda, ölkə daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar da hazırda dövriyyədə olan əskinasların optimal olduğunu göstərir.
Elman Rüstəmov qeyd etmişdir ki, milli nominal strukturu tələblərə uyğun olaraq və milli strategiyaya əsasən vaxtı gələndə dəyişdirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

azertag.com

Ən sərfəli krediti almaq üçün müraciət et