Mərkəzi Bank niyə uçot dərəcəsini dəyişmədi? | Banco.az

Mərkəzi Bank niyə uçot dərəcəsini dəyişmədi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Bankın bu qərarı nə ilə bağlıdır? 

İqtisadçı Rəşad Həsənov Mərkəzi Bankın qərarı ilə bağlı Banco.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın bu iclasda uçot dərəcəsini dəyişməyəcəyi ilə bağlı qərarı gözlənilirdi: 

"Çünki cari konyunktur kifayət qədər dəyişkəndir, proqnozlaşdırılan deyil. Eyni zamanda geosiyasi vəziyyət inflyasiya təzyiqlərini artırmaqdadır. Həmçinin paralel olaraq da Azərbaycanda bu amil daha əhəmiyyətlidir, çünki son illərdə inflyasiyanın əhəmiyyətli hissəsi idxaldan qaynaqlanır.

Digər tərəfdən ABŞ-nin Federal Ehtiyat Sistemi uçot dərəcəsini dəyişməyib hansı ki, Azərbaycan manatının məzənnəsi ABŞ dollarının məzənnəsinə sabitləşmiş şəkildə siyasət həyata keçirilməkdədir. Növbəti iclaslarda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltması ilə bağlı gözləntilər kifayət qədər azalıb. Hətta ola bilsin ki, artan inflyasiya təzyiqləri fonunda uçot dərəcəsini artırsın. Və bütün bu faktorları nəzərə almaqla Mərkəzi Bank son dövrlərdə müşahidə edilməkdə olan uçot dərəcəsini azaltması siyasətinə fasilə vermək, vəziyyəti gözləmək və növbəti dövrlərdə iqtisadiyyatdan geosiyasi konyunkturdan gələn siqnalları qiymətləndirmək çağırışı ilə üzləşmişdi. Bütövlükdə bu şərtlər fonunda uçot dərəcəsi dəyişdirilmədi, sabit saxlanıldı.

İqtisadçı qeyd edib ki, növbəti iclasda uçot dərəcəsinin hansı istiqamətdə dəyişməsi bundan sonrakı mərhələdə ortaya çıxacaq konyunkturdan və xüsusilə də inflyasiya siqnallarından, həmçinin Federal Ehtiyat Sisteminin uçot dərəcəsi siyasətindən asılı olaraq davam etdiriləcəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram