Mərkəzi Bank: Neftin qiyməti 60 dollaradək azalsa belə, tədiyə balansı profisitlə olacaq | Banco.az

Mərkəzi Bank: Neftin qiyməti 60 dollaradək azalsa belə, tədiyə balansı profisitlə olacaq

Cari ilin sonunadək Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in təqribən 14-15 faiz səviyyəsində qalacaq. Bunu çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə əsasən, tədiyə balansının profisiti dövlət borcunun azaldılması kanallarından biridir: "Hesablamalarımız göstərir ki, neftin qiyməti 60-70 dollaradək düşsə də, Azərbaycanın tədiyə balansı profisitlə olacaq".

E.Rüstəmov qeyd edib ki, ölkə iqtisadiyyatının sağlam olmasının əsas göstəricisi onun xarici iqtisadi mövqeyidir: "Mürəkkəb qlobal mühitə rəğmən, Azərbaycanın xarici iqtisadi mövqeyi hazırda əlverişlidir. Cari ilin ilk doqquz ayında ölkənin xarici ticarət balansının saldosu müsbət olub. Əvvəlki 4 illə müqayisədə profisit təqribən 9 faiz artıb".

Ən sərfəli kredit üçün müraciət et

AMB sədri əlavə edib ki, Azərbaycanın ixracı idxalını 2,7 dəfə üstələyib: "Azərbaycanın strateji valyuta ehtiyatları ölkəyə mal və xidmətlərin üçillik idxalını maliyyələşdirməyə imkan verir. Bu ilin ilk 9 ayında Azərbaycanın valyuta ehtiyatları 3,5 milyard dollar artaraq təqribən 54 milyard dollara çatıb. Azərbaycan 3 il ərzində heç nə ixrac etməsə də, bu ehtiyatlar ölkəni zəruri idxal həcmi ilə təmin etməyə imkan verər. Valyuta ehtiyatlarının ÜDM-ə nisbəti (74 faiz) üzrə Azərbaycan dünyanın ilk 20 ölkəsi sırasına daxildir".

Mənbə

trend.az