Mərkəzi Bank haqqında qanunda nələr dəyişdi? | Banco.az

Mərkəzi Bank haqqında qanunda nələr dəyişdi?

Mərkəzi Bank haqqında qanuna 4 maddə üzrə dəyişiklik edilib. Bu dəyişikliklərin 3-ü isə bank sistemi üçün xüsusi əhəmiyyət kəsb edir.

1) 10-cu maddə üzrə edilən dəyişikliyə əsasən Mərkəzi Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında deyil,  onun nizamnamə kapitalı həcmində və ya daha artıq olacaq.

Qeyd edək ki, Mərkəzi Bankın nizamnamə kapitalı 10 mln. manatdır. Bu isə fəaliyyətdə olan kommersiya banklarının məcmu, yeni açılacaq bankların isə nizamnamə kapitalına olan tələbdən 5 dəfə azdır. Yəni kommersiya banklarının nizamnamə kapitalı 50 milyon manat həcmində olmalıdır.  İndi Mərkəzi Bankın kapital ehtiyatları əvvəlki qədər yüksək olmasa da (ötən il 210 milyon) ən az halda 10 mln manat təşkil etməlidir.

2) 13-cü maddə üzrə edilən dəyişikliyə əsasən Mərkəzi Bankın valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi kapital ehtiyatları hesabına baş verəcək.  Kapital ehtiyatları isə indiki halda ən azı 10 milyon təşkil etməlidir.  

3) 14-cü maddə üzrə edilən dəyişikliyə əsasən Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı dərhal deyil, bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. İndiyə qədər isə mövcud qaydaya əsasən Dövlət Mərkəzi Bankın kapital çatışmazlığını ilin sonu dəhal ödəyirdi.

Dəyişikliklər haqqında qanunla burada tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Ən sərfəli kredit üçün müraciət et

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371) aşağıdakı dəyişikliklər edilsin:

1.  10.3-cü maddədə "tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və" sözləri "onun nizamnamə kapitalından az olmamaq şərti ilə" sözləri ilə əvəz edilsin.

2. 12-ci maddə üzrə:
2.1.   12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.";
2.2.   12.3-cü maddə ləğv edilsin.

3. 13-cü maddə üzrə:
3.1.   "Manatın" sözündən əvvəl "13.1." rəqəmləri əlavə edilsin;
3.2.   13.1-ci maddədən "və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır" sözləri çıxarılsın;
3.3.   aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:
"13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.";

4.   14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.".

Azərbaycan Respublikasının Prezidenti

Mərkəzi Bank haqqında qanun 

Ən sərfəli krediti almaq üçün müraciət et