Əhalinin böyük hissəsi paytaxt və onun ətrafında cəmləşib. Lakin heç də hamı öz şəxsi evində məskunlaşmayıb. Kirayəyə verilən evlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Kirayə evlərin qiymətləri isə günü-gündən bahalaşır. Qiymətlər evin yerləşdiyi ərazidən, otaqların sayından və rahatlığından asılı olaraq dəyişir. 2 otaqlı mənzillərin kirayə haqqı orta hesabla 300-500 manat arasında dəyişir.
Tanıdığım bir ailə 7 ildir ki, kirayə mənzildə yaşayır. Onların hesablamalarına görə bu dövr ərzində təxminən 35000 manat kirayə haqqı ödəyiblər. Nəzərə alın ki, kommunal xərclər və evin yüngülvari təmiri bu məbləğə daxil edilməyib. İndi isə gəlin satışda olan mənzillərin qiymətini nəzərdən keçirək. Şəhərin mərkəzi istisna olmaqla, ətraflarda üç otaqlı mənzillər 70-80 min manat arasında satılır. Ancaq qiymətlərin daha aşağı olduğu yerlər də var. Məs: Günəşlidə 2 otaqlı evlər 70-75 min manat, Qaraçuxur ərazisində 4-5 otaqlı evlər 75 min manata dəyişir. Təbii ki, daha ucuz qiymətə evlər tapmaq da mümkündür.
İpoteka kalkulyatoru ilə kiçik bir hesablama apardıq. Məlum oldu ki, həmin 2 nəfərlik ailə (aylıq gəlirləri 1000 man) ipoteka krediti götürsəydi, təxminən 15 ilə aylıq eyni məbləği ödəməklə öz evinə sahib olacaqdı. Bu zaman alınan evin dəyəri 54675 AZN, kreditin məbləği 43740 AZN, İlkin ödənişə minimal tələb 10935 AZN, Aylıq ödəniş (annuitet) isə 418 manata bərabər olur.
Bəs insanlar nə üçün ipoteka götürməkdən çəkinirlər?
- ilkin ödəniş faizinin yüksək olması (AİF-in vəsaiti hesabına verilən mənzillərdə ilkin ödəniş 20%)
- yorucu növbələr
- bürokratik sənədləşmə
- sığorta qiymətlərinin baha olması
İnsanların heç də hamısı tələb olunan sənədləri toplaya bilmir. Məsələn: ipoteka ilə mənzil almaq istəyən şəxslərdən iş yerindən arayış tələb olunur. Həmçinin mənzil kirayələyərkən şəxslər kirayə müqaviləsi bağlamağa məcbur edilmirlər və s. Bir sözlə kirayə mənzil, ipoteka krediti götürməkdən daha asan və tez başa gəlir. Bundan əlavə mənzili tez-tez dəyişmək imkanı da var.
İpoteka ilə mənzil almağın üstün cəhətləri hansılardır?
- Siz öz şəxsi mənzilinizə sahib olursunuz.
- Siz yaşayış yeri haqqında arayış əldə edirsiniz.
- Öz evinizi istədiyiniz kimi təmir və dizayn edirsiniz.
İpotekanın müsbət cəhətinə qiymətlərin əvvəlcədən müəyyənləşdirilmiş qaydada ödənməsi daxildir. Yəni gələcəkdə mənzil qiymətlərinin bahalaşması kimi hallardan sığortalanırsınız. Lakin bu kirayə mənzillərə şamil edilmir. Belə ki, zamanla evlərin qiymətində artım və ya azalma müşahidə olunur. Beləcə siz də ödənişi bu şərtlərə uyğun olaraq edirsiniz.