Mənzil bazarında vəziyyət necədir? | Banco.az

Mənzil bazarında vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Paytaxtda təkrar mənzil bazarında qiymətlər artıb. Ekspertlər deyir ki, son bir neçə ay ərzində  əsasən kiçik sahəli, ucuz evlərin qiyməti bahalaşıb.

Bu barədə banco.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində çoxmənzilli binaların inşa olunması üçün torpaq sahələrinin tapılmaması qiymətlərə ciddi təsir edir:

“Tikinti şirkətləri məcburən köhnə, xüsusən qəzalı vəziyyətə olan çoxmənzilli yaşayış binalarını, fərdi həyət evlərini sökərək onların üzərində yeni çoxmənzilli yaşayış binaları tikirlər. Orada yaşayan sakinlərə də köhnə evlərinin əvəzinə yeni tikilmiş evlər verilir. Ev verilən müddətə, 2 3 ilə qədər həmin sakinlərin kirayə pulu da ödənilir. Əvvəlki illərdə köhnə binaların qiyməti  yeni tikililərdən ucuz olsa da, sakinlər o binaların sökülmə ehtimalını nəzərə alaraq baha qiymətə satırlar.Bütün bunlar da mənzil bazarında qiymətləri artıran əsas səbəblərdən sayılır”.

Bir neçə il ərzində  paytaxta yaxın ərazilərdə Abşeron, Binəqədi, Xırdalan ərazilərində demək olar ki, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin qalmadığını qeyd edən ekspert qeyd etdi ki, hazırda həyət və bağ evlərinə tələbat artdıqca bu onların da qiymətinə təsir edir.

“Bildiyiniz kimi, azad olunmuş ərazilərimizə “Böyük Qayıdış” planına uyğun olaraq oranın sakinləri köçürülməyə başlanılıb. Doğma torpağından uzun illərdir didərgin düşən həmin şəxslərin bir qismi köhnə yataqxanalarda yaşayırdılar. Tam köçürülmə yekunlaşdıqdan sonra həmin ərazilərin sökülməsi nəticəsində də yeni binalar tikilib daha ucuz qiymətə istifadəyə verilə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 9 ayında mənzil bazarında qiymətlər 10 faiz artıb.Qiymət müşahidələrinə görə, 2023-cü ilin üçüncü rübü ərzində mənzillərin dəyəri orta hesabla 2,8 faiz, ötən ilin üçüncü rübü ilə müqayisədə isə 10,1 faiz artıb. Bahalaşmanın böyük olması həm ilkin, həm də təkrar mənzil bazarında baş verib. Statistikaya görə, son bir ildə təkrar mənzil bazarında qiymətlər 10 faiz, ilkin mənzil bazarında 8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram