Mənzil bazarında vəziyyət necədir? | Banco.az

Mənzil bazarında vəziyyət necədir?

Artıq avqust ayının ikinci on günlüyü də geridə qaldı. Bu isə o deməkdir ki, dərs ilinə sayılı günlər qalır. Adətən ilin bu ərəfəsində ölkənin mənzil bazarında qiymət artımları xarakterik hal hesab olunur. Sentyabr ayından sonra isə qiymətlər yenidən stabilləşir. Bəs görəsən bu il vəziyyət necədir? Mənzil bazarında hazırki durum nə yerdədir? Qiymətlərdə hər hansı dəyişmə varmı? Suallarımızı əmlak məsələləri üzrə ekspertlərə ünvanladıq:

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, avqust ayının birindən etibarən təkrar mənzil bazarında mənzillərin bir kv.m  qiyməti 1629 manat olaraq hesablanıb: “Dəyişən strukturla qiymətlərdə 0,1 faiz artım qeydə alınıb. Sabit struktur ilə götürdükdə isə qiymətlərdə 1,33 faiz azalma müşahidə edilib. İlkin mənzil bazarına gəlincə isə mənzillərin 1 kv.m-nin qiyməti  ay ərzində 0,28 faiz artaraq 1204 manat olub”.

Ekspert bildirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il mənzillərin qiyməti nisbətən bahalaşıb. O bunun təbii olduğu qeyd etdi: “Mənzillərin qiymətində ötən illə müqayisədə 5,44 faiz artım var. İlin sonuna kimi bu rəqəmin 8-dən yuxarı olacağı gözlənilir. Mövcud qiymətləri keçmiş SSRİ dövlətlərinin paytaxt şəhərləri ilə müqayisə etdikdə deyə bilərəm ki, Bakı 9-cu yerdə dayanır. Ümumilikdə götürdükdə isə uzunmüddətli dövr üçün qiymət artımları qaçınılmazdır. Buna isə özlüyündə bir neçə amil təsir edir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert kirayə mənzil bazarındakı qiymətlərdən də söz açdı: “Kirayə mənzil bazarında isə ay ərzində 3,98 faiz artım qeydə alınıb. Qiymət artımının avqust ayının sonlarına qədər davam edəcəyi gözlənilir. Hətta növbəti ayda da bu artımın davam edəcəyi ehtimalı çox yüksəkdir. Bu ilk dəfə rastlanan bir hal deyil. İllərin təcrübəsi göstərir ki, ilin bu vaxtları qiymətlərdə müəyyən dəyişikliklərin olması tamamilə təbiidir. Daha sonra qiymətlər yenidən öz məcrasına qayıdacaq”.  

Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev söylədi ki, son illər ərzində mənzil bazarının aktivliyi bir qədər aşağı düşüb: “Mənzil bazarındakı qiymət artıb-azalmaları artıq adi hala çevrilib. Əvvəlki illərlə müqayisə etsək, bazarda ümumi nəticələr təqribən bənzərdir. Dərs ilinin başlanması ilə bağlı olaraq sentyabr ayında kirayə bazarında canlanma müşahidə ediləcək. Bu isə sonradan ümumi mənzil bazarında qiymət artımına az da olsa təsir göstərir. Ümumilikdə isə deyə bilərəm ki, ölkənin mənzil bazarında son bir neçə ildir ki, aktivlik xeyli aşağıdır”.

Şəbnəm Mehdizadə, banco.az