Mənzil bazarı ilə bağlı – PROQNOZ | Banco.az

Mənzil bazarı ilə bağlı – PROQNOZ

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov yaxın günlərdə mənzil bazarında qiymətlərin necə dəyişəcəyindən yazıb. 

Ekspert qeyd edib ki, mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalaşmasından asılı olacaq: 

“Bir tərəfdən, mənzil almaq istəyən bəzi vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə, bu sektorda yığım-yatırımların həcmini artıra bilər.

Manatın stabilliyinə nail olmaq mümkün olsa da, pulunu xarici valyuta saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. 

Təbii ki, bu halda tələbin artması baş versə də, 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təklif ilə tələb arasında uçurum çox böyükdür. Bunun optimallaşması zaman tələb edir. 

Əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa, o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. 

Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir”.