Müəllif:Mehin Qasımova,Banco.az
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın polad idxalına gömrük rüsumunu 50 faizə qaldırmaq qərarına reaksiya verib.
Banco.az xəbər verir ki, Milli Sarayda keçirdiyi gündəlik mətbuat brifinqində danışan Şeynbaum ABŞ-ın polad və alüminium idxalına tarifləri 25 faizdən 50 faizə qaldırma qərarını tənqid edərək, bu qərarı “ədalətsiz” və “hüquqi əsassız” adlandırıb.
"Bizim nöqteyi-nəzərimizdən bunun heç bir hüquqi əsası yoxdur. Çünki iki ölkə arasında ticarət razılaşması var. ABŞ bunu milli təhlükəsizlik baxımından qiymətləndirir. Bununla belə, Ağ Evin sözçüsü Meksika ilə bütün məsələlərdə, o cümlədən təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq olduğunu bildirib. Ona görə də bu qərarın əsaslı olduğunu düşünmürük", - Şeynbaum deyib.
Sheinbaum bildirib ki, razılaşma əldə etmək üçün Vaşinqtonda ABŞ-ın ticarət naziri Hovard Lutniklə danışıqlar aparılacaq.
ABŞ ilə ortaq bir yol tapılmasa, Meksikanın öz tədbirləri görəcəyini vurğulayan Şeynbaum qeyd edib ki, əgər razılaşma əldə olunmazsa, alacağımız tədbirləri gələn həftə açıqlayacağıq. Bu problemlər əvvəllər də var idi. Dünyanın digər bölgələrindən idxalı azaldaraq onları həll etməyə çalışırdıq. Ancaq indi yeni addımlar atmamız lazım ola bilər.
Qeyd edək ki, dünən Tramp polad və alüminium idxalına tətbiq edilən 25 faizlik tarifi 50 faizə qaldıran sərəncam imzalayıb.
Sərəncamda tariflərin iyunun 4-də yerli vaxtla saat 00.01-dən qüvvəyə minəcəyi bildirilib.