Azərbaycan hökuməti dünya bazarında neftin ucuzlaşması və milli valyutanın məzənnəsinin zəifləməsindən sonra bank sektorunda yaranmış vəziyyətin sabitləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirib.
Bunu Bakıda “Fitch” beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın bank sektoruna aid tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər Departamentinin prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.
Onun sözlərinə görə, ilk növbədə banklar üçün sağlam borclanma və məsuliyyətli kreditləşmə çərçivəsi müəyyən edilib, bu isə bank-müştəri münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirib. Bundan başqa, bankların aktivləri qiymətləndirilib, onlara qarşı kapitallaşma ilə bağlı şərtlər qoyulub: “Kapital qoyuluşu ilə bağlı şərtləri yerinə yetirməyən bankların lisenziyası ləvğ olunub. Bəzi banklar kapitallarını artırıb, bəzi banklarda isə hazırda bu proses davam edir. Bank sektorunun kapitallaşmasının tezliklə başa çatacağını gözləyirik”.
Mənbə: Report.az