Tamara Mustafayeva, Banco.az
Məlum olduğu kimi, gün keçdikcə dünyada artan ekoloji çirklənmə və yaşayış sahələrinin məhdudlaşdırılması kimi səbəblərdən bəzi canlıların nəsli tükənmə riski ilə qarşı-qarşıyadır və bu, yaşadığımız dünya üçün təhlükə siqnalları deməkdir. Fərdi tədbirlərlə yanaşı böyük kütlələrin, şirkət və müəssisələrin müəyyən qabaqlayıcı və ya maarifləndirici tədbirlər görməsi əlbəttə ki, daha böyük təsirə malikdir. Odur ki, tez-tez firmalar sözügedən məsələyə diqqət çəkmək üçün müvafiq kampaniyalar həyata keçirirlər.
Mastercard da öz müştəriləri üçün bu təhlükənin vacibliyini vurğulamaq məqsədilə "Conservation International" adlı ətraf mühit məsələləri üzrə fəaliyyət göstərən təşkilat ilə əməkdaşlıq çərçivəsində “The Wildlife Impact Card” adlandırılan layihə reallaşdırıb. Layihənin icrası zamanı hazırlanan hədiyyə kartlarının üzərində nəsli kəsilməkdə olan canlılara yer verilməklə maarifləndirmə aparılır.
Satın alınan hər hədiyyə kartı üçün Afrika meşə fili, Qara-ağ qarışıq lemur, Sarı quyruqlu Peru Meymunu və Sunda Pangolin kimi nəsli kəsilməkdə olan heyvanların mühafizəsinə kömək etmək məqsədilə "Conservation International"a 1 dollar ianə veriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!