Tamara Mustafayeva, Banco.az
Mərkəzi ofisi Nyu-Yorkda yerləşən kriptovalyuta birjası Gemini və ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti Mastercard dünyanın ilk kriptovalyuta bonusu verən kredit kartını təqdim etmək üçün onlayn kredit verilməsi üzrə fəaliyyət göstərən WebBank ilə əməkdaşlığa başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Gemini adı verilən kredit kartının istifadəyə buraxılmasından bəri gözləmə siyahısında hazırda 140 mindən çox insan qeydə alınıb. Sözügedən kartın istifadəçiləri Bitkoin və Ethereum da daxil olmaqla Gemini birjasında mövcud olan 30 müxtəlif kriptovalyuta növündən hər hansı birini satın alarkən 3% kəşbək qazanacaqlar. Bununla yanaşı kriptovalyuta bonusları da avtomatik olaraq istifadəçinin kart hesabına köçürüləcək.
Qeyd edək ki, Gemini real vaxt ərzində kriptovalyuta bonusu təqdim edən ilk platformadır. Belə ki, bonusları hər ayın sonunda ödəyən əksər kredit kartlarından fərqli olaraq Gemini istifadəçilərin müvafiq əməliyyatları icra etdikləri cari anda bonuslarını hesaba əlavə edir.
Sözügedən kredit kartı Mastercard-ın aktiv olduğu hər yerdə etibarlı sayılacaq. Kartın yay aylarında bazara çıxarılması planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!