Müəllif - Eldar Kərimov/Banco.az
Elon Maskın The Boring Company şirkəti və Dubayın Yol və Nəqliyyat İdarəsi (RTA) Dubai Loop adlı yeraltı yüksək sürətli nəqliyyat şəbəkəsinin inşası üçün ilkin razılaşma imzalayıblar. Bu tunel şəbəkəsinin uzunluğu 17 km (10,6 mil) olacaq, – Yahoo xəbər verir.
BƏƏ-nin süni intellekt məsələləri üzrə naziri Ömər bin Sultan Əl-Ulama Elon Maskla video müsahibəsində bu layihəni elan edib, lakin daha ətraflı məlumat verməyib.
The Boring Company bildirib ki, qarşılıqlı anlaşma memorandumu ilkin pilot mərhələsini əhatə edir və 11 stansiyadan ibarət olacaq. Sistem sərnişinləri saatda 160 km sürətlə daşıyacaq.
Dubay hökumətinin mətbuat xidməti X sosial şəbəkəsində (Maska məxsus) layihənin şəhərin ən sıx bölgələrini əhatə edəcəyini bildirib.
İlk mərhələdə saatda 20 000-dən çox sərnişinin daşınması nəzərdə tutulur, gələcəkdə isə bu rəqəm 100 000 nəfəri keçə bilər.
Layihənin icra müddəti hələ açıqlanmayıb.