Mask OpenAI-nin nəzarət strukturunu 100 milyard dollara almaq istəyir | Banco.az

Mask OpenAI-nin nəzarət strukturunu 100 milyard dollara almaq istəyir

Müəllif - Eldar Kərimov/Banco.az

Amerikalı milyarder Elon Mask və digər investorlar süni intellekt startapı OpenAI-ni nəzarətdə saxlayan qeyri-kommersiya təşkilatını (NKO) təxminən 100 milyard dollara almaq üçün təklif göndəriblər. Bu barədə Financial Times yazır.

Biznesmenin vəkili Mark Toberoff bildirib ki, təklif ötən gün göndərilib.

OpenAI-nin rəhbəri Sam Altman isə X (keçmiş Twitter) sosial şəbəkəsində bu təklifə belə cavab verib: "Xeyr, təşəkkürlər, amma istəsəniz biz Twitter-i 9,74 milyard dollara alarıq". Qeyd edək ki, Mask 2022-ci ildə Twitter-i 44 milyard dollara almışdı.

The Wall Street Journal-ın məlumatına görə, Maskın konsorsiumu OpenAI-nin nəzarət strukturunu 97,4 milyard dollara almağı təklif edib.

Konsorsiuma Maskın süni intellekt startapı xAI, Valor Equity Partners, Baron Capital, Atreides Management, Vy Capital, 8VC və Endeavour şirkətinin rəhbəri Ari Emanuel daxildir.

FT-nin OpenAI-yə yaxın mənbəsi bu təklifi sadəcə bir PR gedişi adlandırıb. Maskın müraciətinə yaxın mənbə isə OpenAI-nin bunu sübut etməsini təklif edib.

Altman OpenAI-ni kommersiya təşkilatına çevirmək və NKO-nu ayırmaq prosesindədir.

Maskın vəkili Toberoff bildirib ki, "Bu nəzarət strukturunun dəyişdirilməsi zamanı xeyriyyə təşkilatının ədalətli şəkildə kompensasiya alması həyati əhəmiyyət daşıyır, çünki bu, dövrümüzün ən transformativ texnologiyasına nəzarəti əhatə edir".

OpenAI məşhur ChatGPT çat-botunun yaradıcısıdır.

Mask, OpenAI-nin kommersiya qurumuna çevrilməsinin şirkətin ilkin missiyasına zidd olduğunu bildirib. O, ötən il OpenAI, Altman və şirkətin prezidenti Qreqori Brokman-a qarşı məhkəmə iddiası qaldırıb. Mask onları müqavilə şərtlərini pozmaqda və qeyri-etik biznes aparmaqda günahlandırıb.

İttihama görə, Mask, Altman və Brokman tərəfindən imzalanan ilkin OpenAI müqaviləsində şirkətin qeyri-kommersiya qurum kimi fəaliyyət göstərəcəyi və ümumi süni intellekt (AGI) inkişaf etdirəcəyi qeyd olunub. Bu texnologiyanın açıq mənbəli (open-source) olması da nəzərdə tutulmuşdu.

Yanvarda Toberoff, Delaver və Kaliforniya ştatlarının baş prokurorlarını OpenAI-nin NKO-nu satmaq üçün açıq hərrac keçirməyə məcbur etməyə çağırıb.

Lakin Britaniya mediasının məlumatına görə, OpenAI belə bir satış üçün müraciət qəbul etməyib və buna borclu da deyil. Şirkət hazırda 260 milyard dollar dəyərində qiymətləndirilən investisiya raundu aparır.

FT-nin mənbələrinə görə, OpenAI NKO-nu 30 milyard dollar dəyərində qiymətləndirib, Maskın komandası isə bu qiymətin daha yüksək olmalı olduğunu bildirib. Mask OpenAI-yə on milyonlarla dollar sərmayə yatırıb və daha yüksək qiymətləndirmə olarsa, o, daha çox pul əldə edəcək.

Qeyd edək ki, OpenAI 2015-ci ildə qeyri-kommersiya tədqiqat laboratoriyası kimi qurulub və 2020-ci ildə kommersiya bölməsini açıb. Mask OpenAI-nin idarə heyətində olub, lakin 2018-ci ildə oradan ayrılıb.