Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ilin ilk üç rübündə “Maserati” avtomobillərinin satışları 58,3% azalıb.
Banco.az xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.
Məlumata görə, bu ilin 9 ayı ərzində şirkət 8,6 min avtomobil satmağa nail olub. Müqayisə üçün qeyd edək ki, ötən il “Maserati” 20,6 min ədəd avtomobil satmışdı. Satışların azalması fonunda şirkətin baş direktoru Davide Qrasso istefa verib.
Bundan əvvəl “Maserati”nin 2027-ci ilə qədər üç yeni avtomobil modelini təqdim edəcəyi bildirilmişdi. Onların hər biri elektriklə işləyən avtomobillərdir.
Qeyd olunur ki, 2025-ci ildə “Maserati MC20” superkarının elektrikli variantı - “Folgore” versiyası bazara çıxacaq. 2027-ci ildə şirkət hazırda E-UV BEV daxili təyinatı ilə tanınan flaqman krossoverini təqdim edəcək. Çox güman ki, model yeni ad alacaq və “Maserati Levante”nin ikinci nəsli olmayacaq.
2028-ci ildə şirkət “Maserati”nin yeni nəsil flaqman sedanı olan “Quattroporte BEV”i təqdim edəcək və o, həm də elektrik güc aqreqatı ilə təchiz olunacaq.