Mark Zuckerberg-in ABŞ Konqressindəki çıxışından maraqlı məqamlar | Banco.az

Mark Zuckerberg-in ABŞ Konqressindəki çıxışından maraqlı məqamlar

10 Apreldən 11 Aprelə keçən gecə Facebook şirkətinin təsisçisi Mark Zuckerberg ABŞ Konqressinin qarşısında çıxış etdi. Çıxışın əsas səbəbi 87 milyon Facebook istifadəçisinin məlumatlarının Cambridge Analytica şirkəti tərəfindən yığılaraq siyasi reklamların yaradılmasında istifadəsi olub. Ticarət üzrə komitetin, hüquq şöbəsinin və elmi komitetin təmsilçiləri Facebook alqoritmlərindən və onun iş prinsipindən suallar veriblər. Biz isə həmin çıxışdan olan maraqlı məqamları sizlər üçün təqdim edirik.

Facebook sosial şəbəkələr arasında monopolistdir

Senator Lindsey Graham, Zuckerberg-dən servisin hansı əsas rəqibə sahib olduğunu soruşub. Zuckerberg isə bu suala heç cür cavab verə bilməyib. O öz çıxışında bir neçə dəfə qeyd edib ki, Facebook çox böyük şirkətdir. Lakin senatorlar soruşublar ki, o həddindən artıq böyük deyilmi? Görünür, senator şirkətin bu sahədə monopoliyası ilə mübarizə aparmaq niyyətindədir. Lakin çətin ki, onun öncədən qurulmuş bir strategiyası olsun.

Zuckerberg Facebook-un ödənişli versiyasının istifadəyə verilməsini istisna etmir

Senatorların şirkətin biznes modeli və istifadəçilərin konfidensial məlumatlarının qorunması barədə suallarına cavab verərkən Zuckerberg qeyd edib ki, Facebook-un pulsuz versiyası hər zaman mövcud olacaq. Bununla yanaşı o, sosial şəbəkənin ödənişli versiyasının olacağını da istisna etmir.

Sosial şəbəkələrin gələcəyi süni zəka texnologiyaları ilə bağlıdır

Zuckerberg öz çıxışında qeyd edib ki, gələcəkdə Facebook süni zəka texnologiyasının yaradılmasına üstünlük verəcək. Sosial şəbəkənin təkmilləşdirilməsi barəsindəki suallara cavab verərkən Zuckerberg qeyd edib ki, şirkət artıq siyasi fake xəbərləri yayan və terrorçuluğa çağırışlar edən fake hesabları axtarıb tapan süni zəka texnologiyasından istifadə edir. Növbəti 5-10 ildə şirkət onu avtomatlaşdırılmış axtarış səviyyəsinə çatdırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Sosial şəbəkədəki kontentə 20.000 nəfər nəzarət edəcək

Əgər botları süni zəka axtarırsa, mətnlərə nəzarət insanların öhdəliyində qalacaq. Facebook şirkəti kontentin analizi üçün nəzərdə tutulmuş şöbəsini 20.000 nəfər yeni işçi ilə genişləndirməyi planlaşdırır. İnsanlar hansısa kontentə şikayətlərini bildirdikdə məhz bu işçilər həmin kontentin sosial şəbəkədə qalıb-qalmayacağına qərar verirlər. Bununla belə həmin işçilər müxtəlif siyasi baxışlara sahibdirlər. Lakin bu siyasi baxışların bir-birilərindən nə dərəcədə fərqləndiyi bilinmir. Belə ki, Zuckerberg-in sözlərinə əsasən şirkət öz işçilərindən prezident seçkiləri zamanı onların hansı namizədlərə səs verdiklərini soruşmur.

Amerika hökuməti Facebook-un necə çalışdığını bilmir

Zuckerberg-in çıxışı zamanı senatorlar ondan məlumatların yığılması üsulu və onların analizi barəsində çoxlu suallar veriblər. Şirkət bu məlumatları nə qədər müddət saxlayır, kimlərə təqdim edir, istifadəçilər öz məlumatlarının gizlilik səviyyələrini idarə edə bilərlərmi və s. Bir çox jurnalistlərin sözlərinə əsasən senatorlar bu sualları məmur kimi deyil adi sosial şəbəkə istifadəçisi kimi veriblər. Yəni onlar öz Facebook hesablarının ana səhifələrində bu və ya digər xəbərin hansı səbəbə görə göründüyünü anlamırlar.

technote.az