"Manatın ucuzlaşması problemləri həll etmir" | Banco.az

"Manatın ucuzlaşması problemləri həll etmir"

"2016-cı ilin sonuna tədiyyə balansında 5 mlrd. dollar həcmində kəsir gözlənilir". Bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, son 2 ildə qeyri-neft və əmtəə idxalı 36%, yəni təxminən 6 mlrd. dollar azalıb.

E. Rüstəmov qeyd edib ki, qeyri-neft xidmətlər balansının ümumi kəsiri 3 dəfədən çox azalıb. Baş bankir əlavə edib ki, bu dövrdə turizm xidmətləri üzrə balans 700 mln. dollar yaxşılaşıb, defisit profisitə çevrilib.

"Bütövlükdə neft sektoru nəzərə alınmaqla ölkənin xarici ticarət və xidmətlər balansı profisitlidir. Lakin görülmüş monetar və fiskal tədbirlər tədiyyə balansında kəsiri tam aradan qaldırmayıb.

Proqnozlara görə, 2016-cı ildə tədiyyə balansında 5 mlrd. dollar həcmində kəsir gözlənilir. Aparılan təhlillər göstərir ki, bu defisitin 80%-i bütövlükdə kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsirlə əlaqədardır. Yəni, bunlar fiksə edilmiş xarici öhdəliklərdir.

Cari hesabın hələ də kəsirlə olması onunla bağlıdır ki, 2016-cı ildə neftin təxminən 16% ucuzlaşması davam edib. Nəticədə cəmi ixracın həcminin 2015-ci il ilə müqayisədə 2016-cı ilin sonuna 18% və ya 2,8 mlrd. dollar azalacağı gözlənilir. Qeyri-neft ixracında da azalma müşahidə edilir. Struktur amilləri təmizlənməklə bu azalmanın həcmi 20%-dir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli üstələməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Tədiyyə balansının kapitalını və maliyyənin hərəkəti balansının cari il və növbəti illərə düşən ödənişləri böyük transmilli layihə olan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları üzrə ödənişlər, dövlət borcu üzrə ödənişlər və sair daxildir. Bu xarakterli ödənişlərin son dövrdə əhəmiyyətli dərəcədə kiçilmiş valyuta bazarına daxil olması təbii ki, valyuta balansında gərginlik yaradır və üzən məzənnə rejimində milli valyutanın məzənnəsinin formalaşmasına ciddi təsir göstərir.

Bütövlükdə məzənnənin ucuzlaşması tədiyyə balansının problemlərini, yəni kapital hissəsinin problemlərini həll etmir. Əksinə belə ucuzlaşma tədiyyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki, bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclərin böyük hissəsi isə büdcədən maliyyələşdiyi üçün büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır", - deyə E. Rüstəmov vurğulayıb.

Mənbə: APA.az