Manatın taleyi neftə bağlıdır | Banco.az

Manatın taleyi neftə bağlıdır

"Mərkəzi Bankın rəsmi valyuta ehtiyatında növbəti azalma qeydə alınıb. Oktyabrda ehtiyatın həcmi 1% və ya 8,8 milyon ABŞ dolları azalıb. Bununla da oktyabr ayının 31-nə ehtiyatın həcmi 15033,6 milyon dollara düşüb. Halbuki sentyabrda bu rəqəm 15042,4 milyon dollar olub". 

Bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatı artıq 4-cü aydır ki, azalma tendensiyası nümayiş etdirir. Mütəxəssisin fikrincə, iyul ayından başlayaraq ehtiyat 159,8 milyon dollar azalıb. Ancaq buna baxmayaraq 2014-cü ilin 10 ayı ərzində valyuta ehtiyatı 6,2% və ya 881,6 milyon dollar artaraq 14152 milyondan 15033,6 milyon dollara yüksəlib:

Güman ki, azalma noyabr ayında da davam edəcək. Ancaq bu, oktyabr ayı ilə müqayisədə nisbətən səngiyəcək. İstənilən halda hər şey dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslərin istiqamətindən asılı olacaq. Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz ki manat üçün təyziq artacaq. İndiki dövrdə dolların bahalaşması bir sıra ölkələrdə devalvasiya siqnallarını daha da gücləndirir. Rusiya, Ermənistan, İran valyutalarının timsalında baş verənlər, bunun digər ölkələrə də, məsələn, Qazaxıstanda yayılması ehtimalının güclənməsi xammal valyutası olan manatın gələcək taleyi üçün müəyyən konturları ortaya qoyur. Bu konturlar ondan ibarətdir ki, Mərkəzi Bankın manatın sabitliyi ilə bağlı niyyətinə rəğmən manatın taleyini neft həll edəcək.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı bildirir ki, “Qara qızıl”ın indiki səviyyədə qalacağı təqdirdə ölkənin baş bankı vədi yerinə yetirə biləcək. Ancaq neftin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlar özünü doğruldarsa, milli valyutamız ucuzlaşdırılmalı olacaq: 

Bu ili manat inamlı sabit başa vuracaq. Ancaq gələn il üçün bunu demək çətindir. Mərkəzi Bank ən son həddə qədər manatın sabitliyini təmin etməyə başlayacaq. Ancaq onun da gücünün həddi var. Manata görə valyuta ehtiyatının əriməsinə imkan verməz. Ortada acı Rusiya nümunəsi var. İndi 2009-cu il deyil ki, atdığı addım özünü doğrultsun. Neftin indiki ucuzlaşması uzunmüddətlidir. Manatı isə qarşıdakı illərdə qeyri-sabit vəziyyət gözləyir".

Mənbə: ANS press

Ən sərfəli krediti almaq üçün müraciət et