Manatın dövretmə sürəti hansı səbəbdən artıb? – İqtisadçı açıqladı | Banco.az

Manatın dövretmə sürəti hansı səbəbdən artıb? – İqtisadçı açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,13 bənd çox, ilin əvvəlinə nisbətən 0,1 bənd az, illik müqayisədə isə 0,7 bənd azdır.

Manatın dövretmə sürətinin artması barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, inflyasiya dönəmində insanlar puldan canlarını qurtarmaq üçün xərclədikcə, bu vəziyyət iqtisadi aktivliyi artırır:

“Manatın dövretmə sürətinin artması iqtisadiyyatın genişlənməsinə, iqtisadi aktivliyin artmasına işarə edir. Bunun aşağı olması isə əksinə, iqtisadi aktivliyin azalması, qiymətlərin aşağı düşməsi və iqtisadiyyatın kiçilməsi zamanlarında olur. 
Statistikaya əsasən deyə bilərəm ki, manatın dövretmə sürəti son üç ildə ən pis dövrünü yaşayır. Bu vəziyyət iqtisadi aktivliyin aşağı düşməsi ilə izah oluna bilər. Baxmayaraq ki, iqtisadi artım var, amma səbəb insanların daha çox xərclənməsinin nəticəsi olmayaraq ortaya çıxıb. Hazırda iqtisadi artımın səbəbi dövlətin xərcləmələrini artırması ilə bağlıdır”.
İqtisadçı qeyd edib ki, pulun dövretmə sürətinin aşağı olması dövriyyədə insanların daha az aktiv olmasının nəticəsidir:

Ən sərfəli kredit üçün müraciət et

“Bunun əyani sübutunu pərakəndə ticarətdən maraqlanıb görə bilərik. Ümumi araşdırma nəticəsində bəlli olacaq ki,  2024-cü ilin əvvəlində iqtisadi aktivlik o qədər də yaxşı olmayıb”.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et