Maliyyə ombudsmanının yaradılması zəruridir - Samir Əliyev | Banco.az

Maliyyə ombudsmanının yaradılması zəruridir - Samir Əliyev

Müəllif: İqtisadçı ekspert Samir Əliyev

Azərbaycan Banklar Assosiasiyasının yeni sədri mətbuata açıqlamasında maliyyə ombudsmanı institutunun yaradılmasının vacibliyini bildirib. Belə institutun yaradılmasının vacibliyi barədə fikirlərimizi dəfələrlə bildirmişik (aşağıdakı linkə baxın). Bu baxımdan Assosasiya tərəfdən belə təşəbbüsün olması müsbət haldır.

Son dövrlər əhali ilə banklar arasında yaranmış narazılıq belə institutun aktuallığını daha da artırır. Bəzən əks arqument gətirilir ki, maliyyə ombudsmanının yaradılması problemi həll etməyəcək. Nümunə kimi insan haqları üzrə ombudsman institutunun səmərəsiz fəaliyyəti göstərilir. İrad haqlı, narahatçılıq isə baha düşüləndir. Ancaq gəlin, məsələnin baş tərəfəfinə baxaq.

Bu gün əsas problem hüquqları pozulan insanların müraciət edə biləcəkləri ünvanın olmamasıdır. Müştərilə bilmir kimə üz tutsun. Banklara müraciət edirlər, əlbəttə banklar maraqlı tərəf olduğundan obyektiv qərar çıxarmayacaqlar. Məhkəmə vasitəsilə problemi həll etmək isə əlavə vəsait tələb etməklə yanaşı çox uzun və üzücü prosesdir. Hələ nəzərə alaq ki, maliyyə savadı olmayan müştəri bank hüquqşünası qarşısında haqlı olduğunu sübut edə biləcəkmi?

Ən sərfəli kredit üçün müraciət et

İkincisi, müvafiq institutlar olmadan biz zəruri mexanizmləri qura bilmərik və nəticədə olmayacaq. Əvvəl institutları qurub sonra onların işləməsinə səy göstərməliyik. Razılaşın ki, ən pis işləyən belə institutun olması onun olmamasından yaxşıdır. Ən azı cəmiyyətin müqaviməti qarşısında hansısa addımlar atılır.

Üçüncüsü, insan haqları üzrə ombudsman institutundan fərqli olaraq maliyyə ombudsmanı proseslərə siyasi qiymət vermir. Bu isə Azərbaycan reallığında əsas meyardır.

Bir məsələni də nəzərə almaq lazımdır ki, maliyyə ombudsmanının yaradılması heç də bankların əleyhinə yönəldilmiş bir aksiya deyil. Hətta baanklar bu məsələ maraqlı olmalıdır. Çünki məsələnin məhkəməyə qədər uzanmasında bəlkə də müştəridən çox banklar maraqlı deyil. Əlavə xərclər, vaxt itkisi və əlavə işçinin prosesə qoşulması banklar üçün əlverişli deyil. Ona görə banklar problemin tez həllində maraqlı olurlar. Təsadüfi deyil ki, Rusiyada ombudsmanı institutu məhz Banklar Assosiasiyası tərəfindən yaradılıb. Maliyyə ombudsmanı institutunun yaradılması banklara da problemi qısa müddətdə həll etmək şansı verəcək. 
Ən nəhayət proses institutun yaradılması ilə yekunlaşmamalıdır. “İstehlak kreditləri haqqında” qanun qəbul edilməlidir. Bir çıx ölkələrdə belə qanun var.